Yayın ilk ayı hava şəraitinin qeyri-sabit keçməsi ilə səciyyələndi. Iyun ayında ölkə ərazisində yağıntılar əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü oldu.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
"Ay ərzində hava şəraiti bölgələrdə 11 gündən 24 günə kimi yağıntılı keçib, əsasən şimal və şərq rayonlarında iqlim normanı dəfələrlə aşıb. Qusarda 3,2 dəfə, Qaxda 2,8 dəfə, Sabirabadda 2 dəfə çox olub", - deyə Nazim Mahmudov bildirib.
N.Mahmudovun sözlərinə görə Qubada aylıq norma 169%, Şəkidə 143%, Balakəndə 131%, Zaqatalada 118%,
Gəncədə 111%, Gədəbəydə 117%, Cəfərxanda 106% müşahidə olunub.
Lənkəran -Astara zonasında isə nisbətən az yağıntı hava şəraiti qeydə alınıb və aylıq normanın 23-70%-ni təşkil edib.
"Dolu prosesi bu ilin iyun ayında keçən illə müqayisədə daha çox təkrarlanıb. Belə ki, ay ərzində 38 dəfə dolu düşub. Ötən il isə 18 gün olub. Ən böyük dolunun diametri bu il iyunun 01-də Ağdamın Çəmənli və Sarıçalı kəndində 30-35 mm qeydə alınıb", - deyə Nazim Mahmudov bildirib.
Xidmət rəisinin sözlərinə görə yağan intensiv yağış nəticəsində çaylarda sululuq artıb, bəzi çaylardan qısamüddətli sel keçib.
İyun ayında 55 dəfə sel hadisəsi qeydə alınıb ki, bu da çoxillik müşahidələrə görə rekord göstəricidir.
Havanın əsasən qeyri -sabit keçməsinə baxmayaraq Bakıda ay ərzində orta sutkalıq temperatur 24 gün normadan yüksək (1-5°) olub.