Avqustda elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başlayıb

Avqustda elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başlayıb backend

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 55 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatına uyğun olan 693 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başlayıb.


Komissiyadan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak etmək üçün 6585 nəfər qeydiyyatdan keçib. Onlardan 5112-si gəncdir. Test imtahanı cədvəli Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.

“Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında tanış ola bilərlər. Təqdim edilən cədvəldə namizədlər dövlət orqanı üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Həmçinin Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub da göndərilir.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Test imtahanı dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə 15, qanunvericilik sahəsində 40, informasiya texnologiyaları sahəsində 15, məntiqi düşünmə qabiliyyəti sahəsində 30 test tapşırığı bloklarından ibarət olur.

Hər bir namizədə test imtahanını bitirdiyi an dərhal onun nəticələrini əks etdirən arayış təqdim edilir. Eyni zamanda, nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilir.
Diaspora