Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda nəqliyyat vasitələrinin və piyadaların sıxlığının artmasına görə, hazırda işıqforların vaxt planları yenilənib və pik saatlarına uyğun qurulub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM)AZƏRTAC-a bildirilib ki, bu haqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Rüfət İmanov rəhbərlik etdiyi qurumun planlarını açıqlayarkən bildirib.Onun sözlərinə görə, Bakı şəhərində 298 ədəd işıqforla nizamlanan yolayrıcı mövcuddur ki, bunlardan 150 ədədi mərkəzin mütəxəssisləri tərəfindən idarə olunur. Digər 148 ədədinə isə DİN Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal İLİ” idarəsi tərəfindən nəzarət edilir.
“Nəqliyyat intensivliyinin artırılması məqsədi ilə mərkəzi küçə və prospektlərin kəsişmələrində quraşdırılan işıqforlara Mərkəzin mütəxəssisləri tərəfindən bir sıra əmrlər (“yaşıl dalğa”, “sarı döyünən işıq” və s.), həmçinin günün saatlarına görə vaxt planları tətbiq olunur”, - deyə NİİM-in baş direktoru vurğulayıb.
Rüfət İmanov, həmçinin qeyd edib ki, bu məsələdə avtomobillərin küçə və prospektlərdən keçməsi sayının artımı da nəzərə alınır. Avtomobillərin hərəkət intensivliyinə dair statistik məlumatlar çıxarıldıqdan sonra əsas yollarda “yaşıl dalğa”ların sayı artırılır. Bu, əsasən təhsil ocaqları olan ərazilərdə həyata keçirilir, yəni universitetlər, texnikumlar və orta təhsil müəssisələri olan əraziləri əhatə edir. Təxminən bir küçədə 3-4 işıqforun ardıcıl olaraq yaşıl yanması, küçələrdə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradır. Həmin ərazilərdə “yaşıl dalğa”ların sayı xüsusilə artırılıb və bu proses davam edir. Düşünürük ki, bu, pik saatlarda dərsə gedən və dərsdən gələn vaxtlarda avtomobillərin sayının müəyyən qədər azalmasına, sıxlığın aradan qalxmasına təsir edəcək. Lakin həmin küçələrdə bir və ya iki sıra qeyri-qanuni avtomobil parklanması olarsa, bu, “yaşıl dalğa”nın təsirini minimuma endirir.
Rüfət İmanov bildirib ki, NİİM paytaxtda nəqliyyatın hərəkətinin optimallaşdırılması üçün təkliflər hazırlayıb. Onun sözlərinə görə, Xətai prospekti ilə Heydər Əliyev prospekti istiqamətinə doğru hərəkət edən nəqliyyat vasitələrinin qeyd olunan prospektlərin birləşmə hissəsində geriyə dönmə əməliyyatını yerinə yetirməsi üçün heç bir şərait yoxdur.
“Xətai prospekti ilə hərəkət edib əks istiqamətə dönmək istəyən nəqliyyat vasitələri ya Babək prospektindən, ya da Yusif Səfərov küçəsindən istifadə etməli olurlar ki, nəticədə xeyli məsafə qət edirlər. Xətai prospekti ilə Heydər Əliyev prospektinin birləşmə hissəsində, yolötürücünün altında, nəqliyyat vasitələrinin geriyə dönməsinin sxemdə göstərildiyi qaydada təşkil edilməsi təklif olunur”, - deyə, baş direktor bildirib və əlavə edib ki, NİİM tərəfindən hazırlanmış təkliflərin sayı 10-a bərabərdir və hər gün bu təkliflər mərkəzin facebook səhifəsi və kütləvi informasiya vasitələrində yerləşdirilməklə, ardıcıl şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaq.