Birinci Qarabağ müharibəsi iştirakçısı Vahid Cəfərovun əlillik təyinatı ləğv edilib.
Bu barədə o, Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıb.
Onun sözlərinə görə, 1994-cü ildə Kəlbəcər-Murovdağ istiqamətlərində gedən gərgin döyüşlər zamanı düşmən tərəfindən minaatan atəşinə məruz qalıb:
“Aldığım müəyyən travmalardan sonra döyüş nöqtəsində olduğum zaman qar uçqununa düşmüşəm. Bundan xilas olanda isə artıq ayaqlarımı don vurmuşdu və ağır vəziyyətdə təxliyə olundum. Mənə ilk yardımı Toğanada, sonra isə Gəncədə etdilər. Bir neçə gün orada müalicə aldıqdan sonra vəziyyətimin ağırlığını nəzərə alıb, Bakı şəhərinə təxliyə etdilər.
Bakıda müəyyən müalicələrdən sonra sağ ayağımın sağalmayan hissəsini (yəni pəncəsini) amputasiya etdilər. Bir müddət ambulator müalicədən sonra, 1995-ci il martın 3-də ordudan tərxis olundum. Mənə 2-ci dərəcəli Qarabağ müharibəsi əlilliyi təyin edildi və bundan sonra 10 il ardıcıllıqla komissiyadan keçdikdən sonra 2005-ci ildə mənə müddətsiz Qarabağ müharibəsi əlilliyi təyin olundu.
Əlilliyin təyin edildiyi müddət ərzində mən mütəmadi olaraq müalicələrdən və reabilitasiya vasitələrindən istifadə etmişəm. Qeydiyyatım Biləsuvar rayonundadır və zaman-zaman ayaqqabı, əsa, dirsəkaltı və korset götürmək üçün müraciət edirdim. Uzun müddətdir ki, Bakıda yaşayıram. Yolun uzaqlığını nəzərə alaraq, mən Bakı Tibbi Sosial Ekspert Komissiyasına bu reabilitasiya vasitələrini götürmək üçün 06.10.2022-ci il tarixində yenidən müraciət etdim.
Lakin onlar mənə 14 gün sonra bu barədə mesaj gələcəyini bildirdilər. Qeyd olunan mesaj gəlmədi. Növbəti ayın pensiyası köçəndə mənə məlum oldu ki, onlar mənim əlillik dərəcəmi heç bir tibbi sənəd olmadan ləğv ediblər. Hazırda reabilitasiya vasitələrinə ehtiyacım var, hətta yeriyə də bilmirəm. Əmək qabiliyyətim olmadığına görə işləyə də bilmirəm. Pensiyam dayandırıldığına görə maddi vəziyyətim də ağırdır”.
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub və teleqramlarla müraciət etsə də, nəticəsi olmayıb:
“Nazir müavini Anar Kərimovla əyani formada görüşüb problemimi nəzərə çatdırmışam. Səkkiz ay keçməsinə baxmayaraq, hələ də problemin həllində mənə köməklik göstərilməyib”.
Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq.
Agentliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Tural Qurbanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Vahid Fərman oğlu Cəfərovun əlilliyinin qiymətləndirilməsi ilə bağlı elektron sistemə daxil edilmiş göndəriş hərbi səbəblə əlaqəli olduğu üçün o, 24.05.2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib:
“Agentliyin həkim-ekspertlərinin əyani müayinəsi zamanı vətəndaşın sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər olmadığı müəyyən edilib. Nəticədə diaqnozun əlillik əlaməti təyin etmədiyi barədə qərar qəbul edilib”.