Məhkəmə-Hüquq Şurasının yeni üzvləri seçilib

Məhkəmə-Hüquq Şurasının yeni üzvləri seçilib backend

Məhkəmə-Hüquq Şurasının yeni üzvləri seçilib.

Trend-in məlumatına görə, dövlət başçısının rəhbərliyi ilə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davamı olaraq “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə təkmilləşdirilmiş, Şurada icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılmaqla, hakim üzvlərinin sayı artırılmış, habelə hüquqşünas alimin və hüquq ictimaiyyətinin nümayəndəsinin təmsil olunması nəzərdə tutulmuşdur.

Eyni zamanda, Məhkəmə-Hüquq Şurasının formalaşmasının yeni qaydası, o cümlədən onun hər məhkəmə instansiyasından 3 hakim olmaqla, 9 hakim üzvünün və hüquq ictimaiyyətinin nümayəndəsinin Hakimlərin Konfransı tərəfindən seçilməsi müəyyən olunmuşdur.

Bu məqsədlə, cari ilin iyun ayının 21-də qanuna uyğun qaydada ölkənin bütün məhkəmələrini təmsil edən 130 hakimin iştirakı ilə keçirilən konfrans öz işinə başlamışdır.

Konfransı təmsil olunan nümayəndələr sırasından ən qocaman hakim açaraq konfransın işinə uğurlar arzulamışdır.

Konfransda ilk növbədə işin təşkili ilə bağlı məsələlərə baxılmış, iştirakçılar tərəfindən konfransa sədrlik edən şəxs müəyyən edilmiş, hesablama komissiyasının sədri və üzvləri seçilmişlər.

 

Daha sonra Ali Məhkəmə, apellyasiya və birinci instansiya məhkəmələrinin konfransda təmsil olunan nümayəndələri tərəfindən ayrı-ayrılıqda Məhkəmə-Hüquq Şurası üzvlüyünə namizədlər irəli sürülmüşdür.

Konfransda təklif olunan namizədlər ətrafında müzakirələr aparılaraq, qanunda nəzərdə tutulan qaydada açıq səsvermə yolu ilə seçkilər keçirilmişdir.

Seçkilərin nəticələrinə əsasən Ali Məhkəmənin hakimləri - İnam İmdad oğlu Kərimov, Çingiz İsgəndər oğlu Əsgərov, Sənan Firudin oğlu Hacıyev,
Apellyasiya instansiya məhkəmələri üzrə hakimlər - Səadət İnayət qızı Bəktaşi, Mübariz Dosməmməd oğlu Əkbərov, Tofiq Temir oğlu Paşayev və birinci instansiya məhkəmələri üzrə hakimlər - İsmayıl Kamil oğlu Xəlilov, Kamran Şakir oğlu Süleymanov, Toğrul Məhəmməd oğlu Əliyev Məhkəmə-Hüquq Şurasının üzvü seçilmişlər.

Həmçinin, konfransda hüquq ictimaiyyətinin nümayəndəsi qismində Səfa Abbas oğlu Mirzəyev açıq səsvermə yolu ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilmişdir.

Bununla da Hakimlərin Konfransı öz işinə yekun vurmuşdur.

Diaspora