İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondunun prezidenti, professor Mansur Hüseyn Sumro Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində olub.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova qonağa şöbənin yaranma tarixi, burada aparılan elmi-tədqiqat işləri, əldə olunan mühüm nəticələr, kadr potensialı barədə ətraflı məlumat verib. Sonra M.Sumro şöbədə fəaliyyət göstərən laboratoriyaların iş şəraiti ilə tanış olub.Professor M.Sumroya akademik Cəlal Əliyevin və əməkdaşların əsas nəticələrini əks etdirən AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri seriyası) jurnalının ingilis dilində çapdan çıxan xüsusi nömrəsi və buklet təqdim edilib.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.