Cəfərov Yaşar: “Bir balaca soyuq olan kimi, canımdakı qəlpələr göynədir...” Neçə gün əvvəl zəng edib, bir az titrəyən, bir az da əsəbilik hiss olunan səslə, amma çox nəzakətlə Qaziler.az saytına gəlmək istədiyini bildirdi qəhrəmanımız. Bu günə razılaşdıq...Gəldi, danışdı, dərdini dilə gətirdi...
Cəfərov Yaşar Qabil oğlu 1972-ci il, avqustun 31-də Neftçala rayonunda anadan olub. Həqiqi hərbi xidmətini sovetlər dövründə başa vurub. Ermənilər Qarabağı işğal etməyə başlayanda isə qəlbi Vətən sevgisi ilə dolu bu gəncimiz də müharibənin od-alovuna atılıb. Vətənimizi müdafiə etmək üçün könüllü olaraq müharibəyə gedib, döyüşüb, vuruşub...Torpaqları düşməndən azad etmək uğrunda bacardığını edib. Ta ki, günlərin bir günü erməni snayperi haqlayana qədər... Erməni snayperinin gülləsi onu çənəsindən dəyib, keçib boğazını parçalayıb. Çoxlu qan itirdiyindən huşunu itirib. Döyüş yoldaşları onu birtəhər güllənin altından çıxarıblar. Sonra onu Bakıya gətiriblər. Tanrıya şükürlər olsun ki, qəhrəmanımız sağ qalıb. Boğazındakı 30 qəlpəylə 21 ildir ki, yaşayır, amma əgər buna yaşamaq demək mümkünsə...Bu gün boğazındakı qəlpələrin ağrısından çox, onu bəzi məmurların rəftarı narahat edir, əsəbiləşdirir, ona göstərdikləri qeyri-insani münasibət ürəyini ağrıdır, nəinki ona, bir çox Qarabağ döyüşçülərinə, şəhid ailələrinə qarşı saymaz rəftar, kobud hərəkətlər, təhqirlər bu insanın qəlbini incidir...
“Məndən mənzil almaq üçün 20 min manat rüşvət istəyirlər”
“1994-cü il martın 28-də Ağdamın kəndində Sarıcalının qabağında kökəltmənin yanında yaralandım. Biz torpaqlarımızı azad etmək üçün hücuma keçmişdik. Mövqeyimi dəyişəndə snayperlə vurdular, başımdan nişan almışdı, boğazımdan yaralandım. 28 gün reanimasiyada qalmışam. Bir kəlmə də danışa bilməmişəm, heç ana sözünü də deyə bilməmişəm. 3 ay 28 gün o zamankı “Semaşko” xəstəxanasında yatmışam. Xəstəxanadan çıxandan bu günə kimi öz hesabıma müalicə olunuram. Mənə müalicəmlə bağlı həmişə qardaşım köməklik edib. Dilim də parçalanmışdı. Dilimdə 5 tikiş var...1995-ci ildən ömürlük 2-ci qrup Qarabağ müharibəsi əliliyəm. Ailəliyəm, iki övladım var. 20 ilə yaxındır ki, Bakıda, Nərimanov rayonunda kirayədə yaşayırıq. Kafedə ofisiant işləyib ailəmi saxlayıram. 2003-cü ildən Nərimanov rayonunda mənzil növbəsindəyəm. 12 ildən çoxdur ki, ev növbəsindəyəm, amma mənzil ala bilmirəm. Müraciət etmədiyim yer qalmayıb. Mənim bu gündən sabaha sağ qalmaq ümidim yoxdur. Amma yenə səhhətimlə bağlı kömək istəmirəm. Heç olmasa, bizi mənzillə təmin etsinlər ki, uşaqların gələcəyindən arxayın olum. Mən özüm üçün deyil, övladlarım üçün çalışıram ki, həyatda olmadığım dövrdə heç olmasa onlar öz evlərində rahat yaşaya bilsinlər. Hər dəfə mənzillər paylananda uşaqlar da məndən soruşurlar ki, ay ata, bizə nə vaxt mənzil verəcəklər? Məndən mənzil almaq üçün 20 min manat rüşvət istəyirlər. Belə olmaz axı, bu Allahsızlıqdır! Bütün sənədlərim var, nə qədər ermənilərə qarşı döyüşmüşəm, amma Müdafiə Nazirliyinin arxivindən xidmətim barədə məlumat istəyəndə bəlli oldu ki, adıma arxivdə heç bir məlumat yoxdur. Rəsmi cavab gəlir ki, “sizin adınız 708 saylı hərbi hissənin siyahısında yoxdur.” Yaxşı, bəs adım o siyahıda yoxdursa, axı mən döyüşmüşəm, mənə silah, paltar, əmək haqqı verilib. Bəs bunu haradan verirdilər? Ən azından adıma silah olub axı.
Bu, necə ola bilər? Özü də gedirik qəbula, bizi bayırda, soyuğun, yağışın altında saxlayırlar. Özləri oturub isti yerdə, amma bizi soyuqda saatlarla gözləməyə məcbur edirlər. Bir balaca soyuq olan kimi, bədənimdəki qəlpələr canımı göynədir... Bilirsiniz, məmur biganəliyindən, özbaşınalığından əsəblərim tarıma çəkilib. Adam nə qədər əsəb keçirər?
“Bu gündən sabaha sağ qalmaq ümidim yoxdur”
Qarabağ qazisi Səhiyyə Nazirliyinə dəfələrlə müraciət edib: “Boğazımın xarici ölkədə müayinəsi ilə bağlı ekspert rəyi var. Mənə həkim komissiyası ekspert rəyi verdi ki, müayinə və müalicə üçün ölkədən kənara getməliyəm. Bu məsələylə bağlı 2008-ci ildə Səhiyyə Nazirliyinə müraciət etsəm də oradan mənə bildirdilər ki, özünə sponsor tap. Başa düşmədim, mən müğənniyəm, aktyoram, nəyəm ki, özümə sponsor tapıb klip çəkdirəm? 21 ildir ki, bu qəlpələr mənim boğazımdadır. Bir balaca soyuq olan kimi boğazım qulaqlarıma kimi şişir, hətta mən ölə də bilərəm. Qardaşımın köməkliyi ilə 2-sini çıxartdırmışam. Nəfəs borusunda idi. Amma bu biri qəlpələr yumşaq toxumada, səs tellərinin üstündə yerləşir deyə, həkim dedi ki, əməliyyatla onu çıxartsaq, səsin də bata bilər. 2013-cü ildə bəzi dövlət məmurlarından ağır təhqirlər eşitdiyim üçün vətəndaşlıqdan imtina etmə fikrinə düşmüşəm. Mən vətənimi sevməsəydim, onun uğrunda könüllü gedib döyüşməzdim və sağlamlığımı da itirməzdim. Ölkə başçısına dəfələrlə müraciətlər etmişəm, hesab edirəm ki, müraciətlərim ona çatmır. Mən dövlətimizin siyasətini dəstəkləyirəm və vətənimi sevirəm. Amma elə dövlət məmurları var ki, adamı həyatda yaşamaqdan bezdirirlər. Mən yenə də vətən üçün canımı fəda etməyə hazıram, amma mən də bu ölkənin vətəndaşıyam. Mənim də dövlət qayğısına ehtiyacım var. Dekabrın 30-da polis polkovnikinin şəhid anasının sinəsindən itələməsi qəlbimi ağrıtdı. O, bu hərəkəti ilə göstərdi ki, lazım gəlsə, ay Şəhid Anası, səni döyə də bilərəm. Bu münasibətlər biz döyüşçülərə çox pis təsir edir. Döyüş yoldaşlarımız qara torpaqda uyuduğu halda onun anasına qayğı göstərmək əvəzinə, onu təhqir edirlər.
“...bəzi məmurların özbaşınalığı nəticəsində biz həm qayğıdan məhrum olmuşuq, həm də sözümüz ölkə başçısına çatmır”
Bu, məmur özbaşınalıqlarına nə vaxt son qoyulacaq? Mənim kimi görün Azərbaycanda nə qədər Qarabağ müharibəsi əlili, şəhid ailəsi, müharibə veteranı var? Bu saymamazlıqdır! Ulu öndər vaxtilə deyirdi ki, biz belə insanlara hörmətlə yanaşmalıyıq! Onun davamçısı, prezidentimiz cənab İlham Əliyev də dəfələrlə bizimlə bağlı məmurlara tapışırıq və tövsiyələrini verib. Dövlət tərəfindən xeyli işlər görülür. Ancaq bəzi məmurların özbaşınalığı nəticəsində biz həm qayğıdan məhrum olmuşuq, həm də sözümüz ölkə başçısına çatmır. Əvəvlki Əmək və Əhalinin Sosial Təminat naziri Füzuli Ələkbərovun vaxtında heç nazirliyin qapısına yaxın düşə bilmirdik. Yenə Səlim Müslümov sağ olsun, məni qəbul etdi. Dərdimi dedim...Amma bu nazirliyin qəbul otağında biabırçılıqdır. Qəbul otağında Bayram adında biri oturub, söz soruşuram, dərdimi söyləyirəm, mənə deyir ki, “Ağzını mumla”...”.
Yaşar Cəfərov danışa-danışa əlindəki sənədləri bizə göstərir...Nələr yoxdur bunların arasında? Xarici ölkədə müalicə olunması üçün Səhiyyə Nazirliyinin komissiyasının verdiyi rəsmi rəy, dövlət tərəfindən ona düşəcək pulsuz avtomobili almaq üçün Əmək və Əhalinin Sosial Təminat Nazirliyinə ünvanladığı məktub və ona “yox” cavabı...12 ildir ala bilmədiyi mənzilin növbəsində olması barədə rəsmi sənəd...
Biz QAZİLƏR saytı olaraq, üzümüzü lazımi dövlət orqanlarına tutub deyirik ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları - erməni ilə səngərdə üzbəüz durub qan axıtmış bu qəhrəman döyüşçülərin problemini təmənnasız həll edin! Bu, sizin vəzifə borcunuzdur. Bir də bəzi məmurlara deyirik ki, onlarla rəftarınıza fikir verin, insanların əsəbləri ilə oynamayın!
P.S. Biz bu məsələni daim diqqətimizdə saxlayacağıq.
Sevda Elay (Əsgərova)