Azərbaycanda ilk Hava Şarları Festivalı keçirilib - FOTO

Azərbaycanda ilk Hava Şarları Festivalı keçirilib - FOTO backend

İyunun 17-18-də Azərbaycanda ilk Hava Şarları Festivalı (Balloon Festival) keçirilib.

QAZİLER.AZ  APA-ya istinadən verdiyi xəbərə görə, festival zamanı qonaqlar üçün konsert və əyləncə proqramları, müxtəlif mövzularda ustad dərsləri də təşkil olunub. Layihənin iştirakçılar üçün təqdimatı keçirilib, hava şarları, uçuş barədə məlumat verilib.

İyunun 17-də nümayiş uçuşu, iyunun 18-də səhər saatlarında isə qonaqların iştirakı ilə festivalın əsas uçuşları olub. Bu gün səhər saatlarında Şamaxı səması müxtəlif dizaynlı hava şarlarına bürünüb.

Şamaxıda festivalın rəsmi açılışı mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Şamaxının artıq açıq hava festivalları şəhərinə çevrildiyini bildirib.

Əlavə edib ki, Şamaxı ilk dəfə Üzüm və Şərab Festivalına ev sahibliyi etmişdi. İndi isə Azərbaycanda ilk dəfə olaraq Şamaxıda Hava Şarları Festivalının keçirilməsinin sevindirici fakt olduğunu bildirib. Bu da turizm sektorunda inkişafın bir göstəricisi hesab oluna bilər. Tahir Məmmədov Şamaxının hazırda turizm sektorunun inkişafı ilə fərqləndiyini deyib.

Sonra çıxış edən "EZONE” şirkətinin nümayəndəsi Salman Rəsulov bildirib ki, hava şarı gəzintiləri dünyanın hər yerində böyük maraqla qarşılanır. Hava Şarları Festivalını keçirməkdə əsas məqsəd turizmin inkişafına töhfə verməkdir.

Salman Rəsulov əlavə edib ki, festivalla bağlı təhlükəsizlik tədbirləri ən prioritet məsələlərdən biridir. Tezliklə isə kommersiya uçuşlarının həyata keçirilməsi üzərində iş gedir. Təşkilat Komitəsinin məlumatına görə, uçuşların gələcəkdə davam edib-etməməsi və kommersiya uçuşlarının qarşıdakı illərdə həyata keçirilməsi məsələsi layihəyə maraqdan asılı olacaq.

"EZONE” şirkətinin nümayəndəsi uçuşların peşəkar xarici pilotlar tərəfindən aparıldığını diqqətə çatdırıb.

Türkiyəli mütəxəssis Halis Aydoğan çıxışı zamanı festivalda olmaqdan qürur duyduğunu bildirib, Şamaxının da gələcəkdə hava şarlarının uçuşu üçün uyğun məkana çevriləcəyinə əminliyini ifadə edib, turizmin inkişafı baxımından Hava Şarları Festivalı ilə Şamaxıda ilk addımların atıldığını deyib.

Festivalda jurnalistlərin suallarını cavablandıran Almaniyanın ölkəmizdəki səfiri Ralf Horleman Azərbaycanı Hava Şarları Festivalının keçirilməsinə görə təbrik edib. "Bu tədbir çox gözəl fürsətdir ki, Azərbaycanın bütün gözəlliyini dünyaya nümayiş etdirsin. Şamaxıda bu gün hava çox gözəldir və gələn hər kəs çox əylənir. Bir daha təbrik edir və bu festivala uğurlar arzu edirəm",- deyə Ralf Horlemann vurğulayıb.

Festival barədə jurnalistlərə təəssüratlarını bölüşən İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib ki, bu gün ölkəmiz üçün çox xoş gündür. Çünki Azərbaycan belə möhtəşəm tədbirə ev sahibliyi edir, ilk dəfə Hava Şarları Festivalı keçirir. Səfir burada valideynləri, uşaqları və gəncləri gördüyünü, festivalda müxtəlif yaşlarda və bütün millətlərdən insanların olduğunu deyib və tədbirə dəstək göstərən Heydər Əliyev Fonduna, eləcə də digər qurumlara təşəkkürünü bildiririb.

Layihəyə dəstəyi Azərbaycan Dövlət Turizm Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Dövlət Mülki Aviasiya Agentliyi, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) və Heydər Əliyev Fondu göstərib.

Azərbaycandakı hava şarları layihəsinə hazırlıqlar 2 il davam edib. Festivaldakı hava şarları Böyük Britaniya və Türkiyədə hazırlanıb və bu şarlar öz maraqlı dizaynları ilə də diqqətçəkən olub.

Festival çərçivəsində tanınmış ifaçıların iştirakı ilə konsert proqramı da təşkil edilib. Xalq artistləri Faiq Ağayev, Miri Yusif, Əməkdar artist Lalə Məmmədova, Dilarə Kazımova, Eldar və Nigar və digərləri izləyicilərin qarşısına hit mahnılarla çıxıblar.

Festivalın əyləncə proqramına həm uşaqlar, həm də böyüklər üçün müxtəlif mövzulara dair ustad dərsləri daxil edilib. İştirakçılar gildən fiqurların hazırlanması, rəngkarlıq, kukla teatrı, stolüstü oyunlar, toxuculuq və digər sahələr üzrə ustad dərslərində iştirak imkanı qazanıblar. Beləliklə, qonaqlar hava şarlarının uçuşunu izləməklə yanaşı, həm də maraqlı və əyləncəli həftəsonu keçiriblər.

Festivala Şamaxı və qonşu rayonlardan Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin övladları da dəvət alıblar. Onlar festival ərazisində təşkil edilən əyləncələrdə iştirak ediblər, böyüklərlə yanaşı uşaqların da hər zaman marağına səbəb olan hava şarlarının uçuşunu izləyiblər. Qəhrəman şəhidlərimizin övladlarının hər birinə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, hava şarlarında uçuş unudulmaz təəssürat üçün gözəl fürsətlərdən biridir. Hər il dünyanın müxtəlif ölkələrində hava şarlarının festivalları keçirilir və turistlər məhz bu uçuşların aparıldığı yerə səfər edir.

Məşhur Hava Şarları Festivalı sırasında olan və ABŞ-ın Albukerke şəhərində keçirilən festival ilk dəfə 1972-ci ildə baş tutub. Bu tədbir minlərlə iştirakçını cəlb edib və ABŞ-da ən böyük əyləncələrdən birinə çevrilib. Hava şarları ilə uçuşlar hazırda Avstraliyanın Kanberra, Böyük Britaniyanın Bristol, İsveçrənin Şato-Do, İspaniyanın İgualada, Kanadanın Kvebek, Rusiyanın Velikiye Luki, Türkiyənin Kapadokiya və digər şəhərlərdə də təşkil edilir.

 

 

Diaspora