Azərbaycandan Həcc ziyarətinə gedən ilk zəvvar qrupu Səudiyyə Ərəbistanına çatıb.
Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, zəvvarlar Səudiyyə Ərəbistanı saatı ilə saat 09:00-da çatıblar:
"Zəvvarların hamısı yaxşıdır. Onlar 4 avtobusla Cöhfə miqatına çıxacaqlar, artıq yola düşüblər. Ciddə şəhərindən 2 saat məsafədə olan Cöhfə miqatında ehram bağlayacaqlar. Cöhfə miqatından çıxıb Məkkəyə gedəcəklər. Gecə Məkkəyə çatacaqlar. Təxminən 1 saat dincəlib sübh namazından əvvəl əməlləri bitirmək üçün Kəbəyə düşəcəklər. Həcc ziyarətinin 5 vacib ayini olan Ümrəyi-təməttönü həyata keçirəndən sonra ehramdan çıxacaqlar. Daha sonra zəvvarlar qaldıqları otelə qayıdacaqlar. Zəvvarların qaldıqları hoteldə də bütün şərait var".
Qeyd edək ki, sonuncu zəvvar qrupu iyunun 22-də yola düşəcək. Ümumilikdə 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə ziyarətə gedəcək. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar. Sonuncu zəvvar qrupu iyulun 11-də Mədinədən yola düşəcək.