İqtisadiyyat və Sənaye Nazirliyindən QAZİLER.AZ saytına verillən məlumata görə,Sentyabrın 22-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Argentina Respublikasının xarici işlər və etiqad nazirinin müavini Eduardo Zuain ilə görüşmüşdür.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Argentina əlaqələrinin uğurla inkişaf etdiyini, qarşılıqlı səfərlərin, Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə İşçi Qrupunun fəaliyyətinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətini vurğulamışdır. Şahin Mustafayev Azərbaycan və Argentina arasında iqtisadi və ticarət əlaqələrini, mövcud əməkdaşlıq layihələrini qeyd edərək kənd təsərrüfatı, sənayenin əczaçılıq, neft-kimya sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirmişdir.Görüşdə iqtisadiyyat və sənaye naziri Azərbaycan iqtisadiyyatı, ölkəmizdə iş adamları üçün yaradılmış əlverişli imkanlar barədə məlumat vermişdir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi, Ermənistanın işğalçılıq siyasətinin regionun inkişafına başlıca maneə olduğu bir daha diqqətə çatdırılmışdır. Şahin Mustafayev bəzi Argentina şirkətlərinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyətinin qarşısının alınması üçün Argentina hökuməti tərəfindən müvafiq tədbirlər görülməsinin vacibliyini vurğulamışdır.
Argentina Respublikasının xarici işlər və etiqad nazirinin müavini Eduardo Zuain Azərbaycana ilk səfərindən və ölkəmizin inkişafından məmnunluğunu ifadə etmiş, əlaqələrimizin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyini bildirmişdir. Eduardo Zuain gələn il növbəti iclası keçiriləcək Azərbaycan-Argentina İşçi Qrupunun əlaqələrin inkişafında əhəmiyyətini və iclas çərçivəsində iş adamlarının görüşünün təşkilinin önəmini vurğulamışdır. İqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını qeyd edən nazir müavini əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırmışdır.
Görüşün sonunda “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında texniki əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Argentina Respublikasının xarici işlər və etiqad nazirinin müavini Eduardo Zuain imzalamışlar.