AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, 2015-ci il çöl-tədqiqat mövsümündə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin rəhbəri olduğu Xaraba-Gilan arxeoloji ekspedisiyası Xaraba-Gilan antik və orta əsr şəhər yerində, Sovet dönəmində dayandırılmış arxeoloji tədqiqatları davam etdirmişdir.
İndiyədək şəhər yerində aparılan arxeoloji qazıntılar, yalnız dini və ictimai tikililəri əhatə etmiş, şəhərin əsas məhəllələri və narınqalası demək olar ki, tədqiq olunmamışdı.Bu ilki arxeoloji tədqiqatlar şəhərin nisbətən salamat qalmış I məhəlləsində başlanıldı. Bu məhəllə şəhərin əsas məhəlləsi olmaqla, Narınqalanın giriş qapısına yaxındır. Məhəllədə əhənkövrədən istifadə etməklə tikilmiş fundamental binalar vardır. Qazıntı da belə binalardan birinin yanında aparıldı.
Məhəllənin müdafiə divarının bir hissəsi və üç otaq aşkar edildi. Müdafiə divarı iki metr enində olub, çəkisi tona qədər, bəzilərinin çəkisi isə bir neçə ton olan daşlarla inşa edilmişdir. Otaqlarda monqol işğalından sonra tələm-tələsik aparılmış bərpa izləri aydın nəzərə çarpır. Müdafiə divarının uçulmuş daşları da yerinə qoyulmamışdı.
Əldə edilən şirli və şirsiz gil qablar, hətta qazan və tavalar da mis və dəmir məftillərlə, təsərrüfat küpləri isə əhənglə təmir olunmuşdur. Tapılan mis sikkələrin əksəriyyəti Hulakular dövrünə, yalnız birinci otaqdan, döşəmənin altından tapılmış bir ədəd mis sikkə isə, Səlcuqlar dövrünə aiddir. Bütün bunlar onu göstərir ki, monqolların hücümü ilə dağıdılmış şəhər bərpa olunmasa da, dulusçuluq istehsalı dayansa da burada yaşayış XIII əsrin sonlarına qədər davam edib.
Xaraba-Gilan şəhər yerinin müdafiə divarı ilə əhatə olunmuş əsas məhəlləsinin qazıntıları, buranın bütünlüklə açılması şəhərin yaranması və inkişaf mərhələlərini dəqiqləşdirməyə, bir-birini əvəz edən antik (Parfiya), ilk orta əsrlər (Sasani) və orta əsrlər (Səlcuq) memarlığını, həmçinin, ərəb və monqol işğallarının miqyasını öyrənməyə imkan verəcəkdir. Bu, Naxçıvan, bütövlükdə isə, Azərbaycan şəhərlərinin yaranması və inkişafı problemlərinin tədqiqi üçün çox əhəmiyyətlidir.