İyunun 13-də Ağdam Polis Alayı - şəhid ailələri, qaziləri və veteranları təşkilatı Göyçayda şəhid Qorxmaz Rəhimovun məzarını ziyarət edib.
Təşkilatdan Qaziler.az-a verilən məlumata görə, ziyarət zamanı şəhidin məzarına həm Ağdam Polis Alayının döyüşçüləri, həm də “Qarabağ qaziləri” İctimai Birliyi adından əklil qoyulub, ruhuna dualar oxunub.
Qeyd edək ki, Qorxmaz Rəhimov 1960-ci ildə Göyçayda anadan olub. Orta məktəbi bitirdikdən sonra mozaika sənəti üzrə peşə təhsili alıb. Hərbi xidmətini Sovet ordusunda Moskva şəhərində edib. Hərbi xidmətini bitirdikdən sonra isə bir il Moskvada polis işləyib. Daha sonra Xabarovski şəhərində ali təhsil alıb. 8 il Yakuts şəhərində məhbusların ağır və ciddi rejimdə saxlanıldığı təcridxanada işləyib. O, 1991-ci ildə Azərbaycana qayıdıb və Ağdamda Polis Alayında işləməyə başlayıb.
Məzarı başında şəhid Qorxmazın yaxın silahdaşı birinci Qarabağ müharibəsində onun bütün döyüşlərdə iştirak etdiyini deyib:
“Kəşfiyyat bölüyünün komandiri idi, ona görə də bütün döyüşlərdə iştirak edib: Martunidə, Ağdərədə, Xoramortda, Xanabadda, Canyataq - Gülyataqda, Maniklidə, Yeddixırman yüksəkliyində və Daşbaşı əməliyyatlarında. Yeddixırman və Daşbaşı əməliyyatlarında döyüşərkən Fərrux dağında şəhid olub. Göyçayda dəfn elədik. O vaxt Göyçaydakı Şəhidlər Xiyabanında ilk şəhid idi və ondan sonra bir şəhid də yanında dəfn olunmuşdu. Amma indi gəlib gördük ki, həmin Şəhidlər Xiyabanı şəhidlərimizlə dolub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.
QAZİLER.AZ