Millət vəkili, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədr müavini Sahib Əliyev iyunun 13-də parlamentin plenar iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında", "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında" qanun layihələrinə edilən dəyişikliklərlə bağlı çıxış edib.
Qaziler.az xəbər verir ki, deputat çıxışı zamanı şəhid ailələri, qazilər və veteranlarla bağlı çağırış edib. Sözügedən çıxışın mətnini təqdim edirik:
"-Hörmətli xanım sədr, əziz həmkarlar, dəyərli hökumət üzvləri, 2023-cü ilin büdcə dürüstləşməsində ən çox nəzərə çarpan dəyişikliyi, yəni işğaldan azad olunan torpaqlardakı quruculuq işlərinə, ölkənin müdafiə və təhlükəsizlik potensialınının gücləndirilməsinə ayrılan vəsaitin daha da artırılmasını mən də alqışlayıram! Hesab edirəm ki, bu, təkcə soydaşlarımızın öz yurdlarına dönmələrini tezləşdirmək yox, həm də obrazlı desək, artıq tabutda olan “miatsum” və “Böyük Ermənistan” xülyasının mümkün qədər daha dərin qəbirdə basdırılması üçündür.
Dürüstləşmiş büdcədə digər diqqətcəkici faktlar da var ki, indi də onlara toxunmaq istərdim. Baxın, 2023-cü ilin büdcəsi təsdiqlənərkən burada bir neçə həmkarımız o sıradan mən də bildirdim ki, inflyasiyanın 6,9 faiz göstərilməsi aşırı nikbinlik təsiri bağışlayır. Elə də oldu. Yeni varinatda 10,4 %-lilk bir inflyasiya göstərilir. Mən iqtisadçı deyiləm, amma bir çox faktları, o sıradan da cari ilin 4 ayında 13,5 faizlik inflyasiyanı, istehlak səbətinin hər 3 alt qrupu üzrə qiymət artımını nəzərə alıb da soruşuram, bəs bu 10,4 % nə dərəcədə realdır? Bəli, iki əsas ticarət tərəfdaşımız Avropa Birliyi və Rusiyada bu il inflyasiyanın birrəqəmli olacağı proqnozlaşdırılır. Amma digərində- Türkiyədə ötən ay İnflyasiyanın səviyyəsi 39, 59 faiz , əvvəlki aylarda isə daha yüksək idi. Ən nikbin proqnozlara görə orada ilin axırına bu rəqəm 22,35%-ə düşəcək ki, o da elə də inandırıcı deyil. Demək, bu cür yüksək inflyasiyanın mənfi təsirini biz də öz üzərimizdə hiss edəcəyik. Bu təsirin azaldılması üçün hansı addımlar atılacaq?
Yeri gəlmişkən, bizdə idxal inflyasyasıyla yanaşı, dərmanların qiymətinin elə həmən Türkiyədəkindən bir neçə dəfə baha olmasından da göründüyü kimi monopoliya və belə demək mümkünsə, "girəvə, yaxud da fürsət inflyasiyası"nın da olduğu unudulmamalıdır. Yəni bəzi işbazlar bir sahədəki bahalaşmanı özlərinin də hərəkətə keçmələri üçün fürsət kimi dəyərləndirirlər ki, bu da gündəlik tələbat mallarının qiymətinə və xidmət sektoruna təsirsiz ötüşmür. Ümid etmək istərdim ki, bunun qarşısını almaq üçün nəhayət təsirli mexanizm tapılacaq.
Hörmətli hökumət üzvləri, büdcənin dürüstləşməsi adından da göründüyü kimi təkcə, onun həcminin artırılıb-azaldılması anlamı daşımır. Bu, həm də onun səmərəli təşkili, xərclərin məhz nəzərdə tutulan məsələlərin həllinə yönəldilməsi, maliyyə intizamının və bütövlükdə büdcə mədəniyyətinin yüksəldilməsi deməkdir. Dürüstləşmədən sonra bölüşdürülməmiş xərcələrin 600 milyon manatının konkret qurum və tədbirlər üzrə ayrılmasını mən bu baxımdan müsbət hal kimi dəyərləndirirəm. Ancaq bölüşdürülməmiş xərcələrin həcmi daha da azaldılmalı, ümumiyyətlə, ayırmaların düzgün və dürüst xərclənib-xərclənməyəcəyi ilə bağlı narahatçılıqlara tam son qoymaq lazımdır ki, bunun da yolu cənab Prezidentin də tələb etdiyi kimi büdcənin tamamilə proqramlar əsasında tərtibindən keçir.
Onu da deyim ki, artıq 20 ilə yaxındır büdcəni proqramlar üzrə tərtib edən aparıcı ölkələrdə də hələlik 100 faizlik səmərəlilikdən danışmaq mümkün olmasa da, nəticəyönümlülük baxımından böyük irəliləyişlərə varılıb. Burada bir məsələni də diqqətə çatdırım-Günye Koreyanın təcrübəsi göstərir ki, büdcənin proqramlar üzrə tərtibinin onun səmərəliliyinə daha effektli təsiri üçün “Dövlət maliyyəsinin idarə edilməsi haqqında” qanunun qəbuluna ehtiyac var.
Bir neçə kəlmə də sosial sahə haqda. Yazılır ki, aparılacaq struktur islahatları və rəqəmsallaşmayla bağlı Dövlət Məşğulluq Agentliyi Aparatı və onun yerli orqanlarının xərclərinin 4,2 milyon manat, yəni 9,2% artırılacaq. Bu xərclərin yuxarı həddinin qanunvericilikdə təsbit edilmədiyini də xatırladaraq “olsun” deyirik. Amma heç olmasa növbəti ilin büdcəsində müharibə veteranlarına verilən müavinətin artırılmasına da baxılmalıdır.
Ölkəmizdə ikinci Qarabağ savaşı zamanı yaralanan, ancaq əlilik dərəcəsi verilməyən 8 mindən çox gənc var. Onların bəlli bir hissəsində isə məsələn, əmək qabiliyyəti 31% deyil də, 30, 29, 28% itirilib. Yəni əlil sayılmırlar, amma sağlam da deyillər. Yüzlərlə bu cür əlilliyi olmayam müharibə veteranı bu gün də dava-dərmansız keçinə bilmirlər. Ona görə də burada diferensial yanaşmaya da böyük ehtiyac duyulur. Bu qəbildən olanların ən azından dərman xərcləri qarşılanmalı və ümumiyyətlə, inflyasiyanı da nəzərə alaraq müharibə veteranlarına verilən müavinət artırılmalı, onlardan bir nəfəri belə işsiz qalmamalıdırlar.
Cənab Prezidentin, hörmətli Mehriban xanım Əliyevanın şəhid doğmalarına, qazilərimizə, müharibə veteranlarına yanaşmada sərgilədikləri həssaslıq hamımız, ilk növbədə də uyğun qurumların rəhbərləri üçün örnək olmaldır".
QAZİLER.AZ