İyunun 12-də 20 Yanvar şəhidlərindən olan İlham Allahverdiyevin doğum günüdür. Bu münasibətlə yaxınları İlham Allahverdiyevin və onun sadiq həyat yoldaşı Fərizənin məzarını ziyarət ediblər.
Bu barədə jurnalist Rey Kərimoğlu Qaziler.az-a bildirib.
Rey Kərimoğlu deyib ki, şəhidin qardaşı Elxan Allahverdiyev və şəhidin yaxınları öncə İlham Allahverdiyevin çalışdığı, ölümündən sonra onun adını daşıyan, sonra adı dəyişdirilən "Bibiheybət" Gəmi Təmiri Zavodunun həyətindəki büstünü və "Şahid anası" abidələrini ziyarət ediblər.
"Ziyarətdə zavodun insan resursları şöbəsinin müdiri Pərviz Qurbanov iştirak etdi. O, zavod rəhbərliyi adından şəhidlərə daim diqqət göstərmənin vacibliyini vurğuladı. Ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısından danışdı.
Şəhidin qardaşı Elxan Allahverdiyev zavodun həyətində yerləşən şəhid abidələrinin səliqəli saxlanması, ora daim tər güllərin qoyulması ilə bağlı zavodun rəhbərliyinə təşəkkürünü bildirdi", - deyə R.Kərimoğlu bildirib.
Anım mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin şöbə rəisi Seymur Şeydayev də çıxış edərək, Xidmətin rəisi Mürsəl İbrahimovun adından şəhidimizin ailə üzvlərinə başsağlığı verdi və şəhid ailələrinin həmişə dövlətimizin qayğısınıda olduğunu bildirdi.
Sonra İlham Allahverdiyevin Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
QAZİLER.AZ