Bu gün “Yüksəliş” müsabiqəsinin iştirakçıları idarəetmə bacarıqları üzrə imtahan verəcəklər

Bu gün “Yüksəliş” müsabiqəsinin iştirakçıları idarəetmə bacarıqları üzrə imtahan verəcəklər backend

Bu gün “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ikinci imtahanı olan idarəetmə bacarıqları üzrə imtahan keçiriləcək.

AZƏRTAC xəbər verir ki, imtahan günündə bütün imtahan mərkəzlərində qeydiyyat saat 10:00-da başlanacaq və 10:40-da bitəcək. Qeydiyyat bitdikdən sonra imtahan mərkəzinə daxil olmaq mümkün olmayacaq. İştirakçılar imtahana şəxsiyyət vəsiqəsi və şəxsi kabinetə göndərilən QR kodu elektron variantda və ya çap halında təqdim edərək daxil olmalıdırlar. İdarəetmə bacarıqları üzrə imtahanın müddəti 2 saat 30 dəqiqədir. İmtahanlarla bağlı daha ətraflı məlumat iştirakçıların şəxsi kabinetinə yerləşdirilən təlimatda izah olunub.

Bu mərhələdə müsabiqə iştirakçılarının verbal təhlil, rəqəmsal təhlil və abstrakt düşüncə bacarıqları təkrar yoxlanılır.

İdarəetmə bacarıqları üzrə imtahanda iştirakçılara qərarların verilməsi, layihələrin və iş prosesinin idarə olunması, sosial intellekt üzrə situasiya tipli suallar, tənqidi düşüncə üzrə isə sual və tapşırıqlar təqdim olunacaq. Sualları cavablandırmaq üçün iştirakçılara ümumilikdə 3 saat 30 dəqiqə vaxt ayrılıb. İmtahan bitəndən sonra növbəti 5-7 iş günü ərzində iştirakçılara nəticələrlə bağlı müvafiq hesabat göndəriləcək.

Qeyd edək ki, imtahanlar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunub. Əyani mərhələni uğurla başa vuran iştirakçılar müsabiqənin yarımfinal mərhələsinə keçid edəcək. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə üçüncü “Yüksəliş” müsabiqəsi başa çatacaq.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

 

 

Diaspora