“Biz Qara dəniz vasitəsilə Qafqazdan Avropaya enerjinin ötürülməsi ideyasının təşviqi və reallaşması üçün bütün səylərimizi birləşdirəcəyik”.
Bunu Lənkaranda keçirilən "Avropa şəhərciyi" tədbirində iştirak edən Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare APA-nın sualına cavab olaraq bildirib.
“Hesab edirəm ki, Qara dəniz vasitəsilə enerji ötürülməsini hədəfləyən layihə realdır. Təbii ki, bunun həyata keçirilməsi üçün maliyyə vəsaiti lazımdır. Bildiyiniz kimi biz Avropa Komissiyasını da dəvət etmişdik.
Avropa Komissiyasının prezidenti xanım Ursula von der Leyen dörd ölkə arasında bu layihə ilə bağlı müqavilə imzalananda Buxarestdə idi və mərasimdə iştirak etdi. Deyə bilərik ki, onlar da bu layihəyə öz xeyir-duasını Verdi”, - deyə səfir bildirib.
Onun sözlərinə göeə, Avropa bazarı gələcəkdə də bu enerjiyə ehtiyac duyacaq.
“Onlar bu yaşıl enerjini istehlak edəcəklər. Azərbaycan və Rumıniya olaraq bu imkanı biz təqdim edirik. Yəni Azərbaycan enerjini, mənim ölkəm isə bu enerjinin nəqli üçün dəhliz imkanını təqdim edir”, - deyə Vasile Soare bildirib.
Səfir qeyd edib ki, bu layihənin neçəyə başa gələcəyinin əhəmiyyəti yoxdur.
“Bu gün geosiyasi vəziyyəti nəzərə alsaq sual yaranır, siz (Avropa) Rusiya qazının yerini necə doluracaqssınız?! Rusiya qazından asılılığı aradan qaldıracağıqsa bəs bunu nə ilə əvəz edəcəyik? Ona görə də bizim “Rusiya qazını nə ilə əvəz edək? Masaya nə qoyaq?” kimi qarşımızda vəzifələr olmalıdır. Bütün bunları nəzərə alsaq, Qara dəniz vasitəsilə enerjinin ötürülməsi layihəsi bir alternativdir və deyərdim ki, hazırda çox az olan alternativlərdən biridir. Azərbaycanın Xəzər dənizindəki külək enerjisi potensialı fantastikdir və bundan mütləq istifadə olunmalıdır. Biz hamımız bunun reallaşması, bu mükəmməl
ideyanın, təşəbbüsün təşviqi üçün bütün səylərimizi birləşdirəcəyik. Qoy bu layihə ilə bağlı şübhəsi olan ekspertlər məqalələrini yazmaqda olsunlar, lakin bizlər bu layihənin reallaşması üçün işləyəcəyik. Bu layihə Avropa üçün vacibdir", - deyə diplomat bildirib.