Meydan TV ilə əməkdaşlıq edən xanım jurnalistlər Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayeva yenidən istintaqa çağırılıb. Onlar bu gün Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel”) ifadə verməyə gedəcəklər. ANS PRESS-in məlumatına görə, bu barədə jurnalist Sevinc Vaqifqızı məlumat verib. O bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq bölməsinin rəis müavini, sentyabrın 19-da onları dindirmiş Murad Quliyev zəng edərək, yenidən ifadə verməyə çağırıb.
Sentyabrın 20-də gecə saatlarında Bakı hava limanında saxlanan Meydan TV-nin əməkdaşları - Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayeva gündüz saat 12.30-da sərbəst buraxılmışdılar. Ukraynadan təlimdən qayıdan jurnalistlər aeroportda saxlanandan sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdı. Onlardan Mingəçevir hadisələri haqqında soruşulub, Meydan TV-nin fəaliyyəti ilə maraqlanılıb.Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sentyabrın 21-də son günlər bəzi xarici KİV əməkdaşlarının hüquq mühafizə orqanları tərəfindən saxlanmasına münasibət bildirib. O deyib ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da KİV nümayəndələrinin fəaliyyəti müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir.
Prezidentin köməkçisi vurğulayıb ki, 2015-ci il martın 18-də “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları” təsdiq edilib. Hətta xarici KİV-lərin, onların Azərbaycandakı nümayəndəliklərinin və əməkdaşlarının elektron qaydada akkreditasiyası məqsədilə Xarici İşlər Nazirliyinin internet saytında müvafiq bölmə də yaradılıb.
Təəssüf ki, “İnteraz”, “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV” internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər.
Onun sözlərinə görə, son günlər bəzi xarici KİV əməkdaşlarının hüquq mühafizə orqanları tərəfindən saxlanması da onları öz fəaliyyətlərini “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları”na uyğun qurmağa dəvət etmək məqsədi daşıyır: "Bundan sonra da işlədiyi sahədən və peşəsindən asılı olmayaraq Azərbaycan qanunlarının tələblərini pozan hər bir şəxs barədə aidiyyəti orqanlar tərəfindən ölçü götürüləcək."
Ümumiyyətlə, Ukraynadan təlimdən qayıdan jurnalistlərin adı sistemdə bloklanıb və ölkədən çıxışlarına qadağa qoyulub.
Bundan bir neçə gün əvvəl Meydan TV ilə əməkdaşlıq edən Şirin Abbasov DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Sentyabrın 18-də Şirin Abbasova polisə müqavimətdə təqsirli bilinərək bir aylıq izibati həbs cəzası kəsilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuata bildirib ki, Meydan TV-yə qarşı hər hansı cinayət işi açılmayıb. Jurnalistlər isə Mingəçevir hadisələrinə görə dindirilirlər.
Jurnalistlərin Müdafiə Komitəsi və 16 beynəlxalq hüquq müdafiə təşkilatı Meydan TV-nin əməkdaşlarına təzyiqləri pisləyən bəyanat yayıb. Bəyanatda 1 ay müddətinə təcrid olunan Meydan TV əməkdaşı Şirin Abbasovun və digər həbsdəki jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edilir, digər əməkdaşlara təzyiqlər pislənilir.