“Çox vaxt cəmiyyətdə elə adlara rast gəlinir ki, bu adları eşitdikdə təəccüblənirik, yaxud da qeyri-iradi gülümsəyirik. Eləcə də ad sahibləri adlarının daşıdığı mənalara görə az xəcalət çəkmirlər. Onların sırasında adlarının mənasından utandıqları üçün sonradan adlarını dəyişdirənlərə də rast gəlinir”.
Bunu Oxu.Az-a açıqlamasında Ədliyyə Nazirliyi Suraxanı Rayon Qeydiyyat Şöbəsinin rəisi Rəna Axundova deyib.
O bildirib ki, Ailə Məcəlləsinə görə uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Vətəndaş övladına ad, soyad və ata adının verilməsi üçün Ədliyyə Nazirliyi tabeliyində olan və “ASAN xidmət” mərkəzlərində qeydiyyat şöbələrinə müraciət edə bilər. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən qanunvericiliyə uyğun olaraq həll olunur.
Ad, ata adı və soyadın dəyişdirilməsi imkanları qanunvericilikdə nəzərdə tutulub. Bu sahədəki ictimai münasibətlər, habelə ad, ata adı və soyadın dəyişdirilməsinin prosedurları Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Ailə Məcəlləsi, habelə Nazirlər Kabinetinin 79 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” ilə tənzimlənir.
Vətəndaşlar övladlarına bir çox hallarda xarici, dövlət dilimizə uyğun olmayan adları vermək istəyirlər. Azərbaycanda xarici serialların və cizgi filmlərinin personajlarının adını övladlarına vermək istəyən ailələr də var. Valideynlər bilməlidirlər ki, hansısa xarici ölkədə normal səslənən ad Azərbaycan dilində düzgün səslənmir və ya fərqli anlaşılır. Bu adlar kifayət qədər pis səslənir. Bu da gələcəkdə həmin uşaqların gülüş hədəfinə çevrilməsinə səbəb ola bilər. Vətəndaşlar Ədliyyə Nazirliyi tərəfindən nəşr olunmuş “Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti”, “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti” və nazirliyin elektron xidmətləri bölməsində də adlarla bağlı ətraflı məlumat ala bilərlər.
Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir.
Həmçinin yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaq 18 yaşına çatana qədər onun adının, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.
Soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət mümkündür. Bu xidmət vasitəsilə vətəndaşlar soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət edə bilərlər. Bunun üçün www.exidmet.justive.gov.az Elektron Hökumət Portalına daxil olub, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərin siyahısından soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət” xidmətini seçib elektron müraciət göndərə bilərlər.
18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalar”a əsasən, 18 yaşına çatmış hər bir vətəndaş ərizə verib soyadının sonluğuna dəyişiklik edə bilər. Soyad sonluğuna dəyişiklik edilməsi Milli Məclisin 2 fevral 1993-cü il tarixdə qəbul etdiyi 495-ci qərarına uyğun olaraq həyata keçirilir.
“Qərara əsasən, -ov, -yev sonluqlu soyadlarını -lı, -li, -lu, -lü; -zadə; -oğlu, -qızı sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Lakin soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir”, - deyə şöbə rəisi qeyd edib.