İlham Əliyevdən Naxçıvanla bağlı SƏRƏNCAM

İlham Əliyevdən Naxçıvanla bağlı  SƏRƏNCAM backend

Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı President.az məlumat yayıb. 

Sərəncam Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə imzalanıb. 

Sərəncamla  “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilir

Sənədə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində, 2025-2027-ci illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini isə 2024-cü il iyulun 1-dək hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. 

Qeyd edək ki, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz ulu öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir.

Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaratmışdır. Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilmişdir. Bu isə öz növbəsində, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlərin, həmçinin kompleks proqramların hazırlanmasını və icrasının davam etdirilməsini nəzərdə tutur.

Diaspora