Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 4-nə olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, yağıntının miqdarı Oğuzda 12, Tovuz, Şəmkirdə 9, Şəkidə 8, Qaxda 6, Ağstafada 4, Qəbələ, Ceyrançöldə 2, Zaqatala, Daşkəsən, Balakən, Şahdağ və Yevlaxda 1 millimetrədək təşkil edib.
İyunun 3-də havanın temperaturu iqlim normasından 3.6° yuxarı olub. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31°-dək isti, Naxçıvanda 33°-dək isti, dağlıq rayonlarda 24°-dək isti, yüksək dağlıq ərazilərdə 14°-dək isti, aran rayonlarında 33°-dək isti olub.
Yağışlarla əlaqədar Oxçuçay-Bürünlüdə və Vəlvələçay-Afurcada suyun səviyyəsi 5, Qaraçay-Rükdə 4 santimetr, Kür-Qıraqkəsəməndə və Tərtərçay-Kəlbəcərdə 3, Əyriçay-Ağyazıda 2, Kür çayının aşağı axınında Zərdab məntəqəsində 5, Kür-Surrada 30, Kür-Şirvanda 6, Kür-Salyanda isə 3 santimetr artıb. Tovuz rayonu ərazisinə yağan güclü leysan yağışı nəticəsində Əsrikçayda suyun səviyyəsi iyunun 3-ü saat 21:20-dən saat 22:55-dək 63 santimetr artıb və saat 22:40-dan 23:55-dək çaydan sel keçib.