Bu gün "FlyArystan" şirkətinin Astana-Bakı marşrutu üzrə ilk uçuş həyata keçirilib.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, Qazaxıstanın paytaxtı Astana şəhərindən yola düşən təyyarə Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Qarşılanma mərasimində çıxış edən Heydər Əliyev adına Beynəlxalq Aeroportunun direktor müavini Elnur Zülfüqarov uçuş reyslərinin artmasının ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsində rolundan danışıb:
"Azərbaycan və Qazaxıstan arasında sıx əlaqələr mövcuddur. Hazırda ölkələrimiz arasında bir sıra reyslər mövcuddur, Bakıdan Qazaxıstanın bir sıra şəhərlərinə və həmin şəhərlərdən Bakıya reyslər həyata keçirilir. Onların sırasına daha bir aviaşirkətin qatılması şübhəsiz ki, ölkələrimiz arasında iqtisadi, humanitar və ən əsas da turizm sahəsindəki əlaqələrin daha da inkişafına töhfəsini verəcək".
Qeyd edək ki, uçuşlar Qazaxıstanın "FlyArystan" şirkəti tərəfindən həyata keçiriləcək.
Bakıdan yola düşən təyyarələr Astana şəhərindəki Nursultan Nazarbayev Beynəlxalq Hava Limanına eniş edəcək.
Uçuşun müddəti 3 saat 20 dəqiqə olacaq.