Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üçün yaş həddinin 65-dən 70-ə qaldırılmasını təklif edib.
Deputat çıxışında deyib: “Getdikcə daha çox aktuallıq kəsb edən bir sosial problemi millət vəkillərinin və hökumətin diqqətinə çatdırmaq istəyirəm. Bir neçə il bundan qabaq Əmək Məcəlləsinə edilən dəyişikliyə görə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin son yaş həddi 65 yaş müəyyən edilib. Yalnız cüzi istisnalarla ildə bir dəfə uzadılmaqla işçi 70 yaşa çatanadək işləyə bilər”.
Parlamentin ötən iclaslarında bu məsələni gündəmə gətirən komitə sədrinin fikirləri birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə açılan müzakirələrdə narazılığını bildirən şəxslər deputatları yaş məsələsini qaldırmaqla öz maraqlarını güdməkdə ittiham ediblər.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən komitə sədri Musa Quliyev Milli Məclisdəki çıxışının bəzi saytlar və sosial şəbəkə səhifələri tərəfindən təhrif olunduğunu bildirib.
“Mən təəssüf edirəm ki, fikirlərim bəzi saytlar tərəfindən təhrif olunmuş şəkildə oxuculara çatdırıldı. Əslində mən orada dövlət büdcəsi ilə maliyyələşən təşkilatlarda çalışan işçilərin, əsasən həkim və müəllimlərin adını çəkdim. Həmçinin, digər kateqoriyadan olan insanların, yəni mədəniyyət işçiləri və mühəndisləri də qeyd etdim. Təklifim həmin şəxslərin 65 yaşından sonra həm pensiya almaq, həm də işləmək imkanlarının genişləndirilməsindən ibarət idi”, - deyə parlamentari vurğulayıb.
M.Quliyevin fikrincə, bu cür məsələləri Milli Məclisin tribunasında səsləndirməklə həll etmək olmur:
“Biz işçi qrupları səviyyəsində də işləməliyik. Məncə, komitə olaraq hökumətlə belə məsələləri məsləhətləşərək ortaq məxrəc tapmağımız daha doğru olar. Sosial şəbəkədə bəziləri bu məsələni dəstəklədi, bəziləri isə dəstəkləmədilər. Trollar mövzunu başqa istiqamətə apardılar. Ancaq onlar bizim üçün çox önəmli deyil”.