Nazirlikdə respublika müşavirəsi keçirilib - FOTO

Nazirlikdə respublika müşavirəsi keçirilib - FOTO backend

Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair növbəti respublika müşavirəsi keçirilib. 

Bu barədə Qaziler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Tədbirdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında İşçi qrupların rəhbərləri – əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev və məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərləri iştirak ediblər.

Ə.Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ndakı tapşırıqların icrası istiqamətində fəaliyyətin davam etdirildiyini və əmək münasibətlərinin təkmilləşdirilməsi sahəsində bundan sonra da zəruri tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

Komissiya sədri bildirib ki, dövlət başçısının  2017-ci il 17 mart tarixli Sərəncamına əsasən yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti dövründə əmək müqaviləsi bildirişlərinin sayında 37%-dən çox, fiziki şəxs fərdi sahibkarların sayında 59,5%, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etmiş sabit vergi ödəyicilərinin sayında isə 6,3 dəfə artım olub. Eyni zamanda, bu sahədə əldə edilmiş naliliyyətlərin davamlılığını təmin etmək və qarşıda duran vəzifələrin həlli üçün məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyəti daha da təkmilləşdirilməlidir.

Müşavirədə Komissiyanın Katibliyinin rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri Rəşad Dayıyev ötən müşavirədə verilən tapşırıqlara uyğun olaraq məşğulluğa kömək göstərən əlaqələndirmə komitələri tərəfindən görülmüş işlərə dair təqdimatla çıxış edib.

İclasda Qazax, Bərdə, Qəbələ rayonları və Mingəçevir şəhəri üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərləri tapşırıqlar üzrə görülmüş işlər, o cümlədən qeyri-formal məşğulluğun qarşısının alınması və digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə geniş məlumat veriblər.

Müşavirədə Ə.Əhmədov əlaqələndirmə komitələrinin səmərəli fəaliyyətinin təşkili məqsədilə həmin komitələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. 

Diaspora