Misirin “Şbabalnil” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin Ağsu rayonuna səfəri zamanı ictimaiyyətin nümayəndələri ilə görüşü haqqında məqalə dərc edilib. “Ağır həyat şəraiti erməniləri öz ölkələrini tərk etməyə məcbur edir” sərlövhəli məqalədə dövlətimizin başçısının fikirlərinə geniş yer verilib.
“Bizim üstünlüyümüz ondadır ki, bizdə əhali artır. Demək olar ki, qonşu ölkələrin bir neçəsində demoqrafik tənəzzül yaşanır, xüsusilə Ermənistanda. Artıq orada yaşayanların sayı kəskin şəkildə aşağı düşüb. Ona görə ki, böyük köç var, orada insanlar artıq o şəraitə dözmürlər. Digər tərəfdən, təbii artım yoxdur. Ancaq bizdə əhali artır. Bu, bizim üstünlüyümüzdür və çox böyük üstünlükdür”, - deyə Azərbaycan Prezidentinin çıxışından sitat gətirilir.Yazıda dövlətimizin başçısının aşağıdakı fikirləri yer alıb: “Hər il Azərbaycanda əhalinin sayı təqribən 100 min nəfər artır, bəlkə də çox. Gələcəkdə daha da çox artacaq. Ona görə, bizim iqtisadiyyatımız buna uyğun şəkildə inkişaf etməlidir. Son illərdə 1 milyondan artıq yeni iş yeri yaradılıb. Ancaq bu, daimi proses olmalıdır. Ona görə, yeni əkin sahələrinin dövriyyəyə buraxılması, Taxtakörpü, Şəmkirçay kimi böyük su anbarlarının tikintisi, digər kiçik anbarların inşası kənd təsərrüfatının inkişafına dəstək olacaq. Çünki məşğulluq artmalıdır, işsizlik tam aradan qaldırılmalıdır və insanlar daha da yaxşı yaşamalıdırlar”.
Məqalədə Prezident İlham Əliyevin ölkəmizin iqtisadiyyatı ilə bağlı fikirləri də əksini tapıb: “Azərbaycan dünyaya özünü böyük həcmdə ərzaq istehsal və ixrac edən ölkə kimi də təqdim edəcək. Bu halda iqtisadi inkişaf dayanıqlı olacaq. Bizim iqtisadiyyatımız neftin qiymətindən daha da az asılı olacaq. Çünki indi dünyada gedən maliyyə-iqtisadi böhranı istər-istəməz bizə də təsir edir. Neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb. Amma biz bütün sosial layihələri icra edirik, biri də dayanmayıb. ... Azərbaycan dünyada yaşanan bu çətin dövrdə də nümunə göstərir. Ona görə də təsadüfi deyil ki, bu gün Azərbaycanın uğurlu inkişaf modeli haqqında məqalələr yazılır. Əminəm ki, yaxın gələcəkdə elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək. Azərbaycan möcüzəsi, doğrudan da möcüzədir. Belə bir geosiyasi vəziyyətdə inkişaf etmək, sabitliyi möhkəmləndirmək, ölkəni qabağa aparmaq doğrudan da Azərbaycan xalqının böyük qəhrəmanlığıdır”.