Çin İngiltərənin Somerset şəhərində inşası davam etdirilən nüvə enerji stansiyası layihəsinə investisiya dəstəyi göstərəcək.
AZƏRTAC xəbər verir ki, Fransanın enerji nəhəngi “EDF” şirkəti tərəfindən tikintisi davam etdirilən“Hinkley Point” nüvə stansiyasının lazımi sərmayə olmadığı üçün istismara verilməsinin gecikəcəyi bildirilirdi. Bununla bağlı işlərə başlayan İngiltərə hökuməti Çini layihəyə investisiya qoymağa razı salıb. Çində səfərdə olan İngiltərənin maliyyə naziri Corc Osborne nəhəng layihədə hökumətin 2 milyard funt sterlinqlik vəsaiti zəmanət altına aldığını bildirib.
İngiltərənin ilk nüvə stansiyasını inşa etməsindən 20 il sonra tikiləcək ikinci stansiya olan “Hinkley Point”in ümumi dəyəri 24,5 milyard funt sterlinq qiymətləndirilir. Nəhəng layihənin 2023-cü ildə tamamlanacağı və 60 il ərzində enerji istehsal edəcəyi bildirilir.