Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 26-31dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 15-20, gündüz 28-33 dərəcə, dağlıq rayonlarda gecə 10-14, gündüz 23-28 dərəcə isti olacaq.
Yaxın 4 gün ərzində Abşeron yarımadasında sabit hava şəraiti və meteoloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.