Əməkdar jurnalist Azər Həsrət QHT Agentliyinin qrant müsabiqəsinin elan edilmiş nəticələri ilə bağlı yazı paylaşıb. O, yazıda nəticələrə etiraz edənlərə müraciət edib.
Qaziler.az həmin yazını təqdim edir:
"QHT Agentliyinin qrant müsabiqəsinin nəticələrini açıqlaması maraqlı məqamları üzə çıxarıb. Xeyli adam səs-küy salıb ki, onlar şəffaf və ədalətli deyilmiş. Hətta deyirlər ki, Agentliyin bütün “zibillərini” açıb tökəcəklərmiş. Açığı, buna xeyli heyrət edirəm. Əgər Agentliyin doğrudan da “zibilləri” varsa və siz də bunları bilirsinizsə, niyə bu nəticələr açıqlanana kimi susurdunuz? Digər tərəfdən, axı niyə hay-küy salırsınız? Narazısınızsa, əsaslandırılmış apelyasiya şikayəti verin, tələb edin ki, sizin layihənizə yenidən baxsınlar da. Bu da bir yana. Dostumuz Aydın Xan Əbilov isə layihə udmadığı üçün yazır ki, “cəhənnəm olub bu ölkədən gedəcəkmiş”...
Aydın Xanın bu açıqlaması mənim yadıma illər öncəki bənzər bir hədəsini saldı. Yadımdadır, onda da buna jurnalist kimi mənzil verilmədiyinə görə dövləti hədələyirdi ki, çıxıb gedəcək xaricə. Düzdür, növbəti binadan mənzil aldı və xaricə getməli olmadı.
İndi də yəqin növbəti mərhələdə ona qrant verərlər, xaricə getməz...
Balam, siz bu ölkəni qranta, mənzilə görə sevirsinizmiş? Onda mən nə edim? Nə qrant alıram, nə mənzil alıram. Üstəlik də düz iki dəfə halal deputat mandatımı başqasına hədiyyə ediblər. İndi mən də durub Azərbaycandan üz çevirməli və ölkədən getməliyəm?
Əsla! Ən pis günündə mən Azərbaycanı tərk etmədimsə, bundan sonra da nəyə görəsə tərk etməyi heç ağlımın ucundan da keçirmirəm!
Ölkəm-dövlətim mənə qrant üçün, mənzil üçün lazım deyil. Mən bu ölkənin sahibiyəm! Pisi ilə, yaxşısı ilə bu dövlət mənimdir, mənim olaraq da qalacaq! Kimsə qranta, bir mənzilə görə bu ölkəni tərk edirsə, məncə qapıları açaq, rahat-rahat getsin.
Bu arada dostumuz Aydın Xan məni QHT Agentliyinə vəkillik eləməkdə günahlandırdı.
Aydın bəy, mənim bu Agentlikdən nə alacağım var, nə də verəcəyim. Hələ QHT Şurasının vaxtında davamlı şəkildə haqqım tapdandığı üçün sakitcə sektordan çəkildim. Düz 5 il öncə - 2018-də. Və heç kimi də şantaj etmədim, hədələmədim, dövlətimə də əsəbləşmədim. Başımı salıb aşağı bacardığım sahədə yenə də dövlətimə fayda verməyə çalışıram.
Eh, dostlar, mən bu dövləti qarşılıqsız sevirəm axı. Sizlərdən fərqli olaraq...
Sonda bir daha qeyd edim ki, QHT Agentliyinin layihələri dəyərləndirməsinin ədalətli və ya ədalətsiz olması haqqında heç bir fikrim yoxdur. Dedim axı, sektordan ayrılmışam çoxdandır...
Yeri gəlmişkən, kimsə qranta görə Azərbaycandan üz çevirəksə mənim dövlətim bundan heç nə itirən deyil..."
QAZİLER.AZ