Sosial şəbəkələrdə Beyləqan rayon Mərkəzi Xəstəxanasında qazilərin müraciətinə baxılması və həssas təbəqənin nümayəndələrinə ögey münasibət göstərilməsi ilə bağlı məlumat yayılmışdı.
Qaziler.az saytı olaraq, mövzunun bizim də yayım sahəsini əhatə etdirdiyini nəzərə alıb məsələni araşdırdıq.
Beyləqan rayon Mərkəzi Xəstəxanasından əldə etdiyimiz məlumata görə hazırda sözügedən quruma 15 qazi mühafizə xidmətində işə götürülüb. Bundan başqa, dörd şəhid ailəsi üzvünün də işlə bağlı müraciəti vakant yerlərə uyğun olduğu üçün işlə təmin edilib. Ümumilikdə sözügedən müəssisədə 167 nəfər şəhid ailəsi üzvü və müharibə iştirakçısı işləyir.
Qeyd olunan faktların əsassız olduğunu, xəstəxana rəhbərliyi tərəfindən qarayaxma kampaniyası üzvləri barədə aidiyyəti orqanlara məlumat verildiyi də bildirilib.
Barəsində iki-üç nəfər şəxsin qərəzli şəkildə silsilə paylaşımlar edilən xəstəxana rəhbəri Nurəngiz Baxışovaya gəldikdə isə araşdırmalar zamanı məlum oldu ki, xanım həkim Qarabağ müharibəsinin birinci və ikinci fazasında peşə fəaliyyəti göstərib. Hətta müharibənin ilk illərində mərmi partlayışı nəticəsində travma aldığı da məlum olub.
44 günlük müharibədə o, cəbhənin Xocavənd istiqamətində peşə fəaliyyətini yerinə yetirib. Onun və rəhbərlik etdiyi tibb personalının səyləri nəticəsində bir neçə yüksək rütbəli zabitlər, o cümlədən əsgərlər yenidən həyata qayıdıblar.
Firuzə
QAZİLER.AZ