Yaş senzinin ləğv olunmasını tələb edirəm - Deputatdan etiraz

Yaş senzinin ləğv olunmasını tələb edirəm -  Deputatdan etiraz backend

Yaşı 65-i keçən müəllimlərin və həkimlərin işdən çıxarılmasının əleyhinəyəm.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib.

 

O, tibb işçiləri üçün yaş senzinin ləğv olunmasını tələb edib: “Biz gənclərə yol verməliyik.  Ancaq bu, illərlə təcrübə qazanmış peşəkar mütəxəssislərin işdən azad edilməsi mənasına gəlməməlidir. Xüsusilə həkim və tibb işçiləri üçün 65 yaş ən məhsuldar, zəngin təcrübə toplama yaşıdır. Tibb nəzəriyyədən ibarət deyil. Bu sahədə ən vacib məsələ təcrübədir. Bəzən Tibb Universitetini bitirənlər illərlə bir xəstəliyin çarəsini tapa bilmir. Koronavirus dönəmində 65 yaşı olmasına baxmayaraq, zəngin təcrübə qazanan həkimlərin əmək müqaviləsinə xitam verirdik. Belə xəstəliklərin gələcəkdə baş verməsindən sığortalanmamışıq. Biz onda nə edəcəyik? Pandemiyadan sonra Avropa yaş senzini götürdü. Tibb işçiləri neçə yaşına kimi işləyə bilirlərsə, işlədilər. Hətta təqaüddə olan həkimləri də geri qaytardılar. Elə müəllimlər üçün də 65 yaş məhsuldar dövrdür. Tibb işçiləri üçün yaş senzinin götürülməsini tələb edirəm”.

 

 

Deputat, həmçinin həkim və tibb işçilərinin fəaliyyət müddətinin 70 yaşa qaldırılmasını təklif edib:

 

“Həkimin, tibb işçisinin biliyini, bacarığını nəzərə alıb, istisna hallarda onun müqaviləsini uzatmaq da düzgün deyil. Belə halda şəffaf olmayan mühit yaranacaq. Subyektiv dəyərləndirmələrlə, Azərbaycansayağı tanışlıqla, başqa yollarla əmək müqaviləsinin uzadılması hallarına rast gələcəyik. Belə hallar kifayət qədər mövcuddur. Hətta "Tərəqqi" medalı, yaxud hansısa ad almış 65 yaşı keçən şəxslər işdən azad ediliblər. Burada subyektiv hallar üstünlük təşkil edir. Tibb işçlərinin, xüsusilə də həkimlərin pensiya yaşı 70-ə qədər uzadılmalıdır. Ancaq qanuna maddə əlavə etmək lazımdır ki, 65 yaşında da həkim və tibb işçisi təqaüdə çıxa, 70 yaşa qədər isə heç bir şərt qoyulmadan işləyə bilər. Bu gün elə hallar var ki, həkimin 65 yaşı tamam olanda onun müqaviləsi 3 ay uzadılır. Belə gülməli hadisələr yaşanır. 3 ayın nə mənası var? Onun üç ay işləməsinin dövlətə, xalqa, ictimaiyyətə, nə də özünə faydası yoxdur. Tibb işçisinin, həkimin müqaviləsi gərək bir-iki il uzadılsın. Yoxsa bu nədir, 3-4 ay artırırlar. Bu qaranlıq fon yaradır”.

 

M.İbrahimqızı yaşlı kadrların işdən uzaqlaşdırılmasını gənclərin yolunun açılması kimi qiymətləndirilməsi fikri ilə razılaşmadığını söyləyib:

 

“İstər Səhiyyə Nazirliyi, istər İcbari Tibbi Sığorta Agentliyi, istərsə də TƏBİB dəfələrlə bildirib ki, ölkəmizdə tibb kadrlarına böyük ehtiyac var. 65 yaşı tamam olan həkimlərə ucqar, uzaq bölgələrdə işləməyi qəbul etdikləri zaman müqavilənin uzadıla biləcəyini deyirlər. Bu, düzgün yanaşma deyil. 65 yaşlı adamı ucqar bölgəyə göndərmək nə qədər normaldır? Əksinə baklavr və uzmanlıq bitdiyi zaman şəxsləri ucqar bölgələrə göndərirlər. Bizdə isə əksinə olur. Mən 65 yaşı tamam olub, ailəsinin iqtisadi vəziyyətinə görə, məcburən bu şərtlə razılaşanların varlığından xəbərdaram. Onlar Azərbaycanın ayrı-ayrı bölgələrində çalışırlar. Ailəsinin iqtisadi durumundan qaynaqlanaraq şərtləri qəbul ediblər. Məncə, belə şərtləri gənclərə tətbiq etsinlər. Bu, həm də gənclər üçün böyük təcrübə olar. Bu gün İngiltərə və Türkiyədə təhsil almış həkimlər Hindistanda işləyirlər. Çünki Hindistanın 1 milyarddan çox əhalisi var. Orada sosial vəziyyətin nə qədər acınacaqlı olduğunu bilib işləyirlər. Bizdə isə gənc mütəxəssisləri bölgələrə göndərmək lazımdır ki, onlar işləyib təcrübə toplasınlar. Hesab edirəm ki, 65 yaş senzini aradan qaldırıb, 70-ə qədər uzatmaq lazımdır”.

Diaspora