Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ayrı-ayrı fənlər üzrə yeni təhsil proqramları (kurikulum) əsasında V-VII siniflər üçün qiymətləndirmə vəsaitləri nəşr edib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hər bir vəsait 2 hissədən ibarətdir: I hissədə V-VII siniflər üçün qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları toplusu, II hissədə isə həmin siniflər üzrə yeni dərsliklərə əsaslanan qiymətləndirmə vasitələri dərc edilib.
Təqdim olunan yoxlama vasitələri həm diaqnostik, həm formativ, həm summativ qiymətləndirmə, həm də tədris vahidlərinin əhatə etdiyi bütün alt standartlar üçün nəzərdə tutulub və bloklar şəklində təqdim olunub.
Vəsait həm şagirdlər, həm abituriyentlər, həm də fənn müəllimləri üçün faydalı olacaq. Şagird və abituriyentlər ondan istifadə etməklə öz hazırlıq səviyyələrini yoxlayacaq, intellektual bacarıqlarını inkişaf etdirəcək, təhlillər, müqayisələr aparmağa həvəslənəcəklər. Müəllimlər isə vəsaitdən yararlanmaqla az vaxt ərzində daha çox şagirdin biliyini aşkara çıxarmağa, təkcə ayrı-ayrı mövzuların deyil, bütövlükdə hər bir bəhsin, bölmənin, yarımillik və illik materialların şagirdlər tərəfindən necə mənimsənildiyini müəyyənləşdirə biləcəklər.
Vəsait buraxılış imtahanlarına hazırlaşan 9-cu və 11-ci sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün də etibarlı mənbədir. Vəsait qüvvədə olan tədris proqramına uyğun tərtib olunub. Gələcəkdə proqramda dəyişikliklər edilərsə, vəsaitdə də müvafiq dəyişikliklər aparılacaq.