“Minaların Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi Horadiz şəhərində “Minalardan Azad Cənubi Qafqaz” regional kampaniyası çərçivəsində “Minalarla çirklənmə və bunun Azərbaycanlı məcburi köçkünlərin öz doğma şəhər və kəndlərinə qayıtmasına təsiri” mövzusunda Dialoq Görüş keçirmişdir.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov Qaziler.az-a bildirib ki, Dialoq Görüşdə ANAMA, Ombudsman Aparatının, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Füzuli rayonu İcra Hakimiyyəti Başçısı aparatının, birbaşa təsirə məruz qalan icmaların o cümlədən Alxanlı, Şükürbəyli, Horadiz, Qazaxlar, Əhmədalılar kəndlərinın ərazi icra nümayəndələri, mina qurbanlarının və KİV iştirak edib. Tədbirin əsas məqsədi məcburi köçkünlərin geri qayıtması və onların rifahı ilə bağlı prosesdə mina təhlükəsinin yaratdığı çağırışları və mina terrorunun ağır nəticələri barədə hesabatın hazırlanması və beynəlxalq təşkilatlara təqdim edilməsidir.
Dialoq Görüşdə iştirak edən bütün təşkilat nümayəndələrinin təqdimatları səsləndirildi, bildirildi ki, Azərbaycan ərazilərinin minalarla və PHS ilə çirklənmə səviyyəsinə görə dünyada ilk yerlərdən birini tutur. Azərbaycanda mina qurbanlarının sayının dayanmadan artması da mina problemlərinin çox ciddi olduğunu təsdiq edir. Füzuli rayonunun 1994 cü ildə işğaldan azad edilən Alxanlı, Şükürbəyli, Horadiz, Qazaxlar, Əhmədalılar kəndlərinin əraziləri təmizlənsə də hələdə həmin kəndlərin sakinləri psixoloji gərginlik səbəbilə həmin ərazilərdən tam səmərəli istifadə edə bilmirlər. Tədbirdə iştirak edən mina qurbanlarının həm Azərbaycan həm də beynəlxalq ictimaiyyətə muraciətləri səsləndi, bildirildi ki, beynəlxalq ictimaiyyət Azərbaycandakı mina problemlərinə ciddi yanaşmalı və bu problemin tez zamanda həll olunması üçün Azərbaycana dəstək verilməlidir.
Dialoq Görüş LINKS Europe ilə birlikdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin və Böyük Britaniyanın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunmuşdur.