Sentyabrın 21-də Gəncə şəhər baş polis idarəsində Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Mərkəzi Seçki Komissiyası nümayəndələrinin, 27 şəhər və rayonun dairə seçki komissiyaları sədrlərinin, polis orqanlarının xidmət üzrə rəis müavinlərinin, eləcə də ictimai təhlükəsizlik şöbə və bölmələri rəislərinin iştirakı ilə zona seminar-məşğələ keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarı Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov açıb. H.Eyvazov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən bu ilin noyabr ayının 1-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləcək. Bu mühüm dövlət tədbirinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində mühüm amillərdən biri də ictimai asayişin etibarlı qorunmasıdır. Bu məqsədlə Azərbaycan Respublikasında Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar asayişin mühafizəsi, ictimai qaydaların qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi tədbirlər planı təsdiq edilərək, icrası nəzarətə götürülüb. Elə bu seminar-məşğələnin keçirilməsində də əsas məqsəd daxili işlər orqanlarının qarşısında duran vəzifələrin şəxsi heyət tərəfindən dərindən mənimsənilməsi, bu sahədə maarifləndirmə işinin və müvafiq qanunvericilik aktlarına uyğun fəaliyyətin həyata keçirilməsidir.
Çıxışda o da qeyd edilib ki, DİN-in bütün orqan və nizami polis hissələri oktyabr ayının 27-dən noyabr ayının 2-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Seçki kampaniyası ilə əlaqədar dairə və məntəqə seçki komissiyaları nümayəndələrinin polisin fəaliyyəti ilə bağlı qaldırdıqları bütün məsələlər operativ qaydada həll olunacaq, zərurət olduqda səhhətinə görə seçki məntəqəsinə gələ bilməyən seçicilərin yaşadıqları və digər yerlərə seçki qutusu aparan komissiya üzvlərinin müşayiəti və mühafizəsi təmin ediləcəkdir. Bundan başqa ictimai yerlərdə, küçələrdə hüquq qaydasının nümunəvi təmin edilməsi məqsədilə şəxsi heyətin hesabına post-patrul naryadlarının sayı artırılacaqdır.
Müşavirədə Mərkəzi Seçki Komissiyasının nümayəndələri Qabil Orucov və İlkin Şahbazov “Seçki qanunvericiliyi, seçki sistemi, seçki komissiyaları sistemi, seçki prosesi, onun mərhələləri və müddəaları. Seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları”, “Seçki subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilənin yolverilməzliyi. Seçki prosesi iştirakçılarının hüquqlarının qorunması sahəsində ümumi tələblər” mövzularında maarifləndirici çıxışlar ediblər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və onlara “Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası” paylanılıb.