2004-2014-cü illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən ümumilikdə 1404 qanun pozuntusu aşkar edilib. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1203 nəfər məsuliyyətə cəlb edilib.
Qanun pozucularından 203 su nəqliyyat vasitəsi, 15 057 ədəd müxtəlif adda ov aləti və 7150 ədəd müxtəlif növ qanunsuz ovlanmış balıq götürülüb.Cinayət xarakterli olduğuna görə 200 iş hüquq mühafizə orqanlarına, 872 iş inzibati qaydada baxılması üçün aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib və ya Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentində baxılaraq müvafiq qərar qəbul edilib.
Qanunsuz balıq ovladığına və ya balıq ovu qaydalarını pozduğuna görə məsuliyyətə cəlb edilmiş qanun pozucuları barəsində balıq ehtiyatlarına vurduğu ziyana görə 418 min 666 manat məbləğində iddia qaldırılıb və onlara qarşı 157 min 763 manat məbləğində cərimə tətbiq edilib.
Habelə ETSN tərəfindən digər aidiyyəti orqanların nümayəndələri cəlb edilməklə qanunsuz ovlanmış balıqların yol kənarlarında, xüsusilə də Bakı-Quba yolunun Siyəzən və Şabran rayonlarının ərazisindən keçən hissəsində satılmasının qarşısını almaq üçün bir sıra tədbirlər görülüb.