Sentyabrın 21-də Təhsil Nazirliyi “Elektron təhsil” respublika müsabiqəsinə başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş müsabiqə “Müəllim” və “Şagird” istiqamətləri üzrə altı nominasiyada təşkil olunur.
Müsabiqənin keçirilməsinin məqsədi tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə olunmaqla həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nın tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdır.
Müsabiqədə ümumtəhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri və şagirdlər iştirak edə bilərlər. Maraqlananlar www.musabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməli və ərizəni doldurmalıdırlar. Qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.
Müsabiqə “Dr. Web”, “AzEduNet”, “Ultra”, “Təhsildə İnnovativ Texnologiyar” Əlavə Təhsil Mərkəzi, “Edumediya Azərbaycan” və “Nar Mobile” tərəfindən dəstəklənir.
Xatırladaq ki, 2010-cu ildən keçirilən müsabiqəyə altı il ərzində ümumilikdə beş mindən artıq layihə təqdim olunub.