Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) ilin sonuna kimi ümumrespublika radio yayımına başlayacaq.
Bunu Lent.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib.
Onun sözlərinə görə, "ASAN xidmət"ə 100 MHs tezliyində ümumrespublika radio yayımı, “CBC Sport” MMC-yə isə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edildiyi gündən qüvvəyə minib.
Ancaq yayıma başlamaq üçün ilk 6 ay ərzində Dövlət Agentliyi, eləcə də televiziya kanalı texniki imkanlarını formalaşdırmalı, kadr potensialını toplamalıdır: "Yəqin ki, ilin sonuna kimi yeni televiziya və radio yayıma başlayacaq".