"Bakı Marafonu 2023”ün iştirakçısı olmaq çox qürurvericidir - qazi Turab Məmmədov

"Bakı Marafonu 2023”ün iştirakçısı olmaq çox qürurvericidir - qazi Turab Məmmədov backend

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2023”ün iştirakçısı olmaq çox qürurvericidir.

Bunu Trend-ə açıqlamasında qazi Turab Məmmədov deyib.

Onun sözlərinə görə, marafon çox yüksək səviyyədə təşkil olunub.

"Belə idman marafonlarının təşkil olunması müsbət haldır. Qazi yoldaşlarımla marafonda böyük məmnuniyyətlə iştirak edirik. Həmişə olduğu kimi Heydər Əliyev Fondu qaziləri diqqətdən kənarda qoymur. Buna görə, Heydər Əliyev Fonduna öz dərin təşəkkürümü bildirirəm",- deyə qazi qeyd edib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6-ci dəfə Bakı marafonuna start verilib.

“Bakı Marafonu 2023”də 19500 nəfər iştirakçı qeydiyyatdan keçib.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar olub. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışır.

2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək yarımarafon 21 kilometr məsafəni əhatə edir. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq. Marafonun marşrutu: Dövlət Bayrağı Meydanı - Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, “Azneft” dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.

“Bakı Marafonu 2023”ün mükafatlandırılması iki kateqoriyada olacaq. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

 

 

Diaspora