Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 əməkdaşı müraciətləri əsasında Yeni Azərbaycan Partiyası (YAP) sıralarına qəbul olunaraq onlara Partiyanın üzvlük vəsiqələri təqdim edilib.
Bu barədə Qaziler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP Veteranlar Şurası sədrinin müavini Sədaqət Qəhrəmanova, millət vəkili Səbinə Xasayeva və b. iştirak edib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirin iştirakçıları Mərkəzin benefisiarlarından əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın və Ümummilli Lider Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Mərkəzdə yaradıcılıq təlimində iştirak edən əlilliyi olan şəxslərin ifasında “Sən elə bir zirvəsən” kompozisiyası təqdim olunub.
S.Babayev Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə misilsiz xidmətlərini, Ulu Öndərin müəllifi olduğu sosial inkişaf strategiyasının nailiyyətlərini diqqətə çatdırıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi Azərbaycanın sürətli tərəqqisini, tarixi nailiyyət və qələbələr, həmçinin sosial sahədə mühüm uğurlar əldə olunmasını təmin edib.
1992-ci ilin noyabr ayında Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edilib, bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Partiyanın cəmiyyətdə böyük etimad qazandığı vurğulanıb.
YAP-ın Yasamal rayonu S.Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi partiya təşkilatının fəaliyyəti qeyd edilib. 2018-ci ilin aprel ayından Nazirlik və qurumları üzrə 1124 əməkdaşın Partiyaya üzv qəbul olunduğu, hazırda Nazirlik sistemi üzrə 4416 əməkdaşın YAP-ın üzvü olduğu, Nazirlik və qurumları üzrə ərazi partiya təşkilatlarının sayının 94-ə çatdığı qeyd edilib.
T.Budaqov Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın ölkəmizin bütün sahələrdə inkişafında mühüm rolunu vurğulayıb. O, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin əldə etdiyi tarixi nailiyyət və qələbələri qeyd edib.
Sonra Nazirlik sistemində çalışan əməkdaşlara YAP-ın üzvlük vəsiqələri təqdim olunub.