Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının tədavülə buraxılıb.
Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının Mərkəzi Bank tərəfindən təqdimat mərasimində deyib.
Qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının 10 may 2023-cü il tarixindən etibarən tədavülə buraxılmasını elan edir.
Eyni zamanda, Mərkəzi Bank ənənəsinə sadiq qalaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarını da tədavülə buraxır. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulmuşdur.
Bu yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilmişdir.
Pul nişanlarının əsas dizayn elementləri kimi ön tərəfində Ulu Öndərin portretinin profil görüntüsü, imzası və “Heydər Əliyev” yazıları, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunmuşdur.
Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışı və geri alışı Mərkəzi Bank tərəfindən hayata keçiriləcəkdir. Bu barədə ictimayətə əlavə məlumat veriləcəkdir.
Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanmış və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılır.
İnvestisiya məqsədli pul nişanları 1 Oz (31.1 qr.), 1/2 Oz (15.55 qr.), 1/4 Oz (7.78 qr.), 1/10 Oz (3.11 qr.) çəkilərdə tədavülə buraxılmışdır.
Bildirildi ki, yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir.