Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu “İşğal altında qalmış abidələrimiz: tarixi yaddaşın izi ilə” mövzusunda konfrans keçiriblər. APA-nın məlumatına görə, konfransda komitə sədri Mübariz Qurbanlı, institutun direktoru, deputat Aytən Mustafayeva, dini icma rəhbərləri, ekspertlər və QHT nümayəndələri iştirak ediblər.
Çıxışında tədbirin bu ərəfədə keçirilməsinin təsadüfü olmadığını deyən M. Qurbanlı bildirib ki, bir neçə gündən sonra Xocalı soyqırımının növbəti ildönümü qeyd ediləcək: “Ermənilər işğal altında olan torpaqlarımızda, o cümlədən Xocalıda soyqırımlar, vəhşiliklər törədiblər. Bu məlumatlar müxtəlif dillərdə yayılıb dünyaya çatdırılmalıdır”.A. Mustafayeva isə bəyan edib ki, Azərbaycan işğal altında qalmış dini, tarixi, mədəni abidələri, Azərbaycana dəymiş maddi zərər üzərində işləməli və bu hesab işğalçılar qarşısında qoyulmalıdır: “Bizim məqsədimiz bu məsələni beynəlxalq məhkəməyə, tribunala çıxarmaqdır. İşğal altında təkcə müsəlman abidələri deyil, alban, xristian abidələri də var. Bu gün onların qorunmasından heç bir söhbət gedə bilməz”.
A. Mustafayeva qeyd edib ki, tolerantlıq Azərbaycan üçün normal həyat tərzidir: "Biz özümüzə hörmət ediriksə, başqalarının da mədəniyyətinə hörmət etməliyik. Lakin təəssüflər olsun ki, Avropa Konvensiyasının yaradıcısı olan Avropa ölkələri bu mədəniyyəti qoruyub-saxlaya bilmirlər. Avropada multikulturalizm və tolerantlıqdan danışırlar, lakin real həyatda Avropa buna hazır olmadığını göstərdi”.
Konfransda “Erməni təcavüzü və dini abidələrimiz”, “Dağlıq Qarabağda monumental incəsənət və dini abidələrin ermənilər tərəfindən dağıdılmasının tarixi səbəbləri” mövzusunda təqdimatlar keçirilib. Daha sonra komitə ilə institut arasında anlaşma Memorandumu imzalanıb.