İlkin Süleymanov üçün 20 il həbs cəzası istənildi - "Nərmin işi"

İlkin Süleymanov üçün 20 il həbs cəzası istənildi - "Nərmin işi" backend

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı Müşfiq Rəhimov çıxış edib və müttəhimin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

"Report"un Qərb bürosunun məlumatına görə, proses hakim Dadaş İmanovun sədrliyi ilə keçirilib.

Prokurorun çıxışından sonra növbə İ.Süleymanovun vəkillərinə çatıb. Onlar müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər.

Növbəti proses mayın 10-na təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Diaspora