Himayədar ailənin götürəcəyi uşaq sayına məhdudiyyət qoyulmasının səbəbi açıqlanıb

Himayədar ailənin götürəcəyi uşaq sayına məhdudiyyət qoyulmasının səbəbi açıqlanıb backend

Himayədar ailənin götürəcəyi uşaq sayına qoyulan məhdudiyyət məsələsinə aydınlıq gətirilib.

“Report”un məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 3-də keçirilən iclasında səsləndirilən suallara cavabında bildirib ki, say məhdudiyyəti olmasa, ailənin evi müəssisəyə çevrilə bilər.

O diqqətə çatdırıb ki, himayədar ailə institutunun əsas məqsədi uşaqların müəssisələrə düşməsinin qarşısını almaqdır:

“Misal olaraq, bir ailə 10-15 uşaq himayəyə götürmək istəyə bilər. Bu da faktiki olaraq ailənin müəssisəyə çevrilməsinə gətirib çıxaracaq. Bununla da ana hədəfimizdən yayınmış olacağıq. Yenə də uşağı ailə mühitində böyüdə bilməyəcəyik”.

Nazir müavini qeyd edib ki, himayədar ailəyə verilən uşaqların əlavə idman və digər fəaliyyət növlərinə cəlb olunması maraqlı ideyadır:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu sahədə böyük rolu olacaq. Valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrin uşaqlarını maksimal şəkildə sosial tədbirlərə cəlb etməyə çalışırıq”.

V.Nəsirli himayədar ailədə olan uşaqların 18 yaşdan sonrakı aqibəti ilə bağlı məsələyə də aydınlıq gətirib. O söyləyib ki, bu gün qanunvericiliyə uyğun olaraq, valideyn himayəsindən məhrum olan 18 yaşdan yuxarı şəxslər nazirlik tərəfindən mənzillərlə təmin olunurlar.

“Hətta məndə olan məlumata görə, valideyn himayəsindən məhrum olan və 18 yaşa çatmış gənclərin hamısını mənzilə təmin etmişik. Proqram davamlı xarakter daşıyır”, - o vurğulayıb.

Diaspora