2016-cı il aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələri işğal altında saxladığı torpaqlarımızda genişmiqyaslı təxribatlara əl atdı. Dörd günlük aprel döyüşləri kimi tarixə düşən və ordumuzun ilk zəfəri kimi tarixdə qalan həmin vaxt Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən işğalından azad olundu.
Bu zəfərlə də xalqımız və ordumuz böyük ruh yüksəkliyi ilə növbəti qələbələrə kökləndi. Dörd gün ərzində qazanılan bu zəfər yüzdən çox şəhidimizin qanı bahasına, onların əzmkarlığı, fədakarlığı nəticəsində mümkün olmuşdu. Onların bu fədakarlığı dövlətimiz və xalqımız tərəfindən heç vaxt unudulmur, əziz xatirələri daima əziz tutulur.
Dörd günülük aprel döyüşlərindən danışanda bu döyüşlərin qəhramanlarından biri, Azərbaycanın Milli Qəhramanı, polkovnik-leytenant Murad Mirzəyev xüsusi bir ehtiramla xatırlanır. O, dördgünlük aprel döyüşlərində itirdiyimiz ən yüksək rütbəli zabit olmaqla yanaşı, həm də xüsusi təyinatlılar arasında ABŞ-da xüsusi təyinatlılar üçün nəzərdə tutulan “Renger” kursunu da bitirmişdi.
Murad Mirzəyevin doğulduğu Sabirabad rayonu, Muğan-Gəncəli kəndi bütün xalqımız kimi öz şəhid övladının xatirəsini hər zaman əziz tutur, onun keçdiyi həyat yolunun gənclərə bir örnək olması üçün əlindən gələni əsirgəmir.
Dördgünlük döyüşlərinin yeddinci ilində kənd əhalisinin təşəbbüsü və dəstəyilə Muğan-Gəncəli kəndində Qarabağda şəhid olan qəhramanlarımız üçün xatirə lövhəsi yenilənmiş, həmin ərazidə Milli Qəhraman Murad Mİrzəyevin yeni bir büstü hazırlanmışdır.
Aprelin 29-da rayon əhalisinin, media və ictimayyət nümayəndələrinin, ətraf rayonların şəhid ailələri və qazilərin iştirakı ilə həmin büstün açılış mərasi keçirildi.
Milli Qəhraman Murad Mirzəyevin büstü üzərindən örtünü qaldıran şəhidin atası Telman Mirzəyev bildirdi ki, Vətən uğrunda şəhid olan qəhramanların həyat yolu hər bir gənc üçün örnəkdir: “Bu gün burada Milli Qəhraman Murad Mirzəyevlə yanaşı bu kəndin ümumilikdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan 15 nəfər övladının da şəkilləri asılmışdır. Bu bizim kəndimizin qəhramanlıq səlnaməsidir və biz bu övladlarımızla qürur duyuruq. Mən burada bu şəkillərdən boylanan bütün şəhidlərimizin hər birini əsl qəhraman sayıram, onlar bizim azadlığımız və torpaqlarılmızın bütövlüyü uğrunda şəhid olublar. Bizlər isə onların xatirələrini canlı tutmaqla onların xalqımızın yaddaşında əbədi yaşamalarına nail oluruq”.
Azərbaycanlıların və digər Türkdilli Xalqaların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib ki, Murad Mirzəyevin adı gələndə onun döyüş yoldaşları onu əsl komandir, rəhbər kimi xatırlayırlar: “Murad Mirzəyev bu gün də öz həmkəndliləri olan şəhidlərin bu məkanda öz başına yığaraq, onları bir yerdə birləşdirir, sanki onlara burada da komandirlik edir. Murad Mirzəyevin həyatı, dünyagörüşü zənginliyi ilə də fərqlənir. Rəhbərlik etdiyim təşkilat onun haqqında bir neçə il əvvəl sənədli film çəkib, jurnalistlər arasında yazı müsabiqəsi təşkil etmişdi.Onun həyatını araşdırarkən görürük ki, o sədəcə bir hərbçi deyil, həm də yüksək təhsilə malik, intellektual, vətənpərvər və sözün əsl mənasında anadan qəhraman doğulmuş bir Vətən fədaisidi. Təbii ki, biz burada iki cümlə ilə onun həyat yolundan danışırıq, amma bu qəhramanlıq uzun illərin əzab-əziyyətlərindən keçmiş, çox ağır şərtlərdə var olmuşdur. Onun hərbi sahədə aldığı təhsili və dünyanın bir çox ölkəsində qatıldığı xüsusi təlim kurslarını çox nadir hərbçilər keçə bilib. Bütün bunlar da Murad Mirzəyevi əvəzsiz hərbçi kimi yetişdirib və onu hamıdan fərqləndirib. Onun həyat və döyüş yolu hər bir peşəkar hərbçi üçün əsl örnək sayıla bilər”.
Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları Həbib Məmmədov və Rüfət Məmmədov bildirdilər ki, Azərbaycan ordusu otuz illik ermənilərin işğal altında saxladığı torpaqlarımızın azad olunmasında sözün əsl mənasında bir tarix yazdılar. 44 günlük müharibənin Zəfərlə nəticələnməsini də şərtləndirən səbəblərin başında Azərbaycan əsgərinin ruh yüksəkliyi, intellektualığı və hərbi peşəkarlığı, eyni zamanda Ali baş komandan, Ordu və xalqımızın birliyinə dayanırdı. Murad Mirzəyev kimi qəhramanların var olduğu bu millətin Zəfər qazanması isə onun təbii haqqıdır.
“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri, Hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı öz çıxışında Azərbaycanın 44 gün ərzində qazandığı tarixi zəfərə toxunaraq, qeyd etdi ki, bu şanlı tarix xalqımızın tarixində əsl dönüş nöqtəsi olub: “Son yüz illikdə tariximizdə faciələrlə yadda qalan günlərimiz, torpaqlarımızın işğal günləri ilə bağlı tarixlər çox olmuşdu. Bu qazanılan zəfər o günlərin ağrı-acısını xəfiflətdi, yaralarımıza məlhəm oldu.İnanıram ki, bu zəfərin işığında bütün itirilən yurd yerlərimizə yenidən dönəcəyik”.
Sonra Şəmistan Əlizamanlı yeni hərbi mahnılarını ifa etdi, məktəblilərin ifasında qəhramanlığı tərənnüm edən şeirlər oxundu.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri, Murad Mirzəyevin dostları torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad etdilər, onların ruhuna dualar oxudular.
P.S.Xatirə kompleksinə gələn kənd yolunun rayon rəhbərliyi tərəfindən abadlaşdırılması arzu olundu. Ümid edirik ki, yaxın zamanlarda bu problem öz həllini tapacaq və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Muğan-Gəncəli şəhidlərinin xatirə kompleksini və Milli Qəhraman Murad Mirzəyevin büstünü hər kəs çox rahat bir şəkildə ziyaraət edəcəkdir. Şəhidlərimizin xatirələri daima əziz tutulmalı və ziyarətgahlarımıza çevrilməlidir.
QAZİLER.AZ