27 aprel 2023-cü il tarixində Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində ötən gün Suqovuşanda baş vermiş mina insidenti ilə bağlı mətbuat konfransı keçirilib. QHT və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə baş vermiş mina hadisəsi ilə bağlı BAMF tərəfindən beynəlxalq təşkilatlara, BMT agentliklərinə, vətəndaş cəmiyyəti qurumlarına və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanat səsləndirilib.
Qaziler.az "Ednews"a istinadla xəbər verir ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev fondun əməkdaşının minaya düşməsinin bir daha bu problemin nə qədər ciddi olduğunu göstərdiyini diqqətə çatdırıb.
O bildirib ki, Laçında sərhəd-buraxılış məntəqəsi minalarla çirkləndirilmiş ərazilərimizin daha da çirkləndirilməsinin qarşısını almaq məqsədilə qurulub.
"Bu vaxta qədər Beynəlxalq Avrasiya Mətbuat Fondunun 3 əməkdaşı şəhid olub. Fəaliyyətimizin işğaldan azad olunan ərazilərdə aparılması bu cür hadisələrdən sığortalanmadığımız deməkdir. Hər an bu cür hadisələr baş verə bilər. Heç kim bundan sığortalanmayıb".
Fond rəhbəri bildirdib ki, Ermənistan ötən illər ərzində azad olunan ərazilərdə basdırdığı minaların dəqiq xəritələri haqqında Azərbaycana məlumat vermir:
“Həmçinin bu gün də təxribatlarını davam etdirərək işğaldan azad olunmuş əraziləri yenidən minalarla çirkləndirir. Nəticədə mülki şəxslərin və hərbçilərin həyatı ciddi təhlükə altına düşür”.
Tədbirdə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni də çıxış edib. Onun sözlərinə görə, Ermənistan sülh müqaviləsi imzalamaq istəyirsə, terror cinayətləri həyata keçirməsi başadüşülən deyil:
"Sülh müqaviləsi imzalamaq istəyirsənsə, bu qədər günahsız insanı mina qurbanına çevirməyə nə ehtiyac var?! Buradan Ermənistana səslənirik ki, terrora son qoyun, regionda sülhün, sabitliyin, qarşılıqlı əməkdaşlığın bərqərar olmasına öz töhfənizi verin", - deyə o bildirib.
Daha sonra tədbirdə BAMF və QHT agentlikləri bəyanat imzalayıblar. Bəyanatda qeyd edilir ki, 2023-cü il aprelin 26-da Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndi ərazisində mina partlayışı baş verib. Hadisə nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası Komandasının sürücüsü Babaşov Xəzər Tariyel oğlu ağır bədən xəsarətləri alıb. Sağ ayağı dizdən aşağı amputasiya olunan Xəzər Babaşov 2013-cü ildən BAMF-da çalışıb:
“20 ildən çoxdur ki, Mina Təhlükəsi ilə mübarizə proqramına qoşulan BAMF bu istiqamətdə çoxsaylı layihələr həyata keçirmiş, kampaniyalar başlatmış, dəfələrlə bəyanatlarla çıxış etmiş və müxtəlif yerli və beynəlxalq tədbirlərin, konfransların, seminarların təşkilatçılığında yaxından iştirak edərək öz humanitar fəaliyyəti ilə bu bəşəri problemin həllinə töhfə verməyə çalışmışdır. 2002-ci ildən aktiv fəaliyyət göstərən BAMF-ın İcma Mina Aksiyası komandası bu günə qədər 10 min hektardan artıq ərazini mina və partlayıcı sursatlardan təmizləmiş və son istifadəçiyə təhvil vermişdir.
Çox təəssüf ki, Azərbaycan dünya ölkələri arasında mina və müharibənin partlayıcı qalıqları ilə çirklənmə səviyyəsinə görə ilk pillələrdədir. 30 illik işğal dövründə Azərbaycan əraziləri başdan başa minalanmış və ciddi şəkildə çirkləndirilmişdir. Bu gün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə intensiv şəkildə minatəmizləmə əməliyyatları aparılır. Ancaq bu gözəgörünməz düşməndən ən qısa zamanda xilas olmaq üçün maddi-texniki və kadr bazasının daha da inkişaf etdirilməsinə də ehtiyac vardır. Həmçinin nəzərə almaq lazımdır ki, Ermənistan tərəfindən doğru-dürüst mina xəritələri təqdim olunmamışdır və bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasına və 1977-ci ildə əlavə edilmiş protokollara kobud şəkildə ziddir. Minalar erməni hərbi birləşmələri tərəfindən nəninki hərbi təyinatı üzrə, o cümlədən mülki infrastruktur təyinatlı ərazilərdə, işıq xəttləri, kanal ətrafı, yol ayrıcları, həyətyanı sahələrin girişləri, məzarlıqlara, çay kənarlarına, kənd və qəsəbə içi cığırlara basdırılmaqla mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törədir. Erməni mina terroru demək olar ki, hər həftə günahsız Azərbaycan vətəndaşlarının həyatına son qoyur və iki ölkə arasındakı sülhü təhlükə altında saxlayır.
Xüsusilə vurğulanmalıdır ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfəri həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son bir həftə ərzində 3 mina insidenti baş vermişdir ki, nəticədə 5 nəfər mina qurbanına çevrilmişdir.
Bu bəyanatın əsas məqsədi Azərbaycanda mövcud çirklənmənin və vəziyyətin təsvirini Mina Aksiyasında iştirak edən və bu sahə üzrə çalışan beynəlxalq təşkilatların, hökümətlərin və ictimaiyyətin diqqətinə çatdırmaq və beynəlxalq ictimaiyyəti regionda barışın, sülhün və dayanıqlı inkişafın dəstəklənməsi üçün lazımi tədbirlərin görülməsinə səsləməkdir. Beynəlxalq Avrasiya Mətbuat Fondu dünya insanını Azərbaycanın qlobal mina probleminə biganə qalmamağa və onun həllində öz dəstəyini göstərməyə çağırır”.
Tədbirdə "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev, "Çernobl Əlilləri İttifaqı"nın sədri Mirhəsən Həsənov və digər QHT rəhbərləri çıxış edərək bu kimi terror hadisələrinə qarşı olduqlarını bildiriblər.