Bu ilin 8 ayında avtobusların iştirakı ilə 59 yol nəqliyyat hadisəsi baş verib. ANS TV-nin məlumatına görə, son bir neçə gündə mikroavtobusların iştirakı ilə baş verən qəzalara tez-tez rast gəlirik. Səbəbləri isə təbii ki, çox zaman yüksək sürət olur. Ya sürücülər öz həyatından başqa digərlərinin də məsuliyyətini daşıdığını anlamır, ya da sadəcə çox pul qazanmaq məqsədi ilə reyslərin sayını artırmağa çalışırlar.
Elə buna görədir ki, qəzaların statistikasına nəzər yetirdikdə avtobusların iştirakı ilə baş verən qəzaların da az olmadığını görürük.BDYPI-nin şöbə rəisi Kamran Əliyev isə məsələ ilə bağlı münasibətində qeyd edib ki, avtobusların iştirakı ilə baş verən 59 yol qəzasında 22 nəfər dünyasını dəyişib, 63 nəfər isə yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayında 2 fakt artıb, ölü sayı isə 2 nəfər azalma müşahidə olunur.