Bakı bu dəfə 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisinə ev sahibliyi edib. APA TV-nin xəbərinə görə, sərginin açılış mərasimində Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyasının nümayəndələri, təşkilatçılar və digər rəsmi şəxslər iştirak edib.
Bu il sərgidə Böyük Britaniya, İran, Çin, Latviya, Finlandiya, Almaniya ABŞ, İsveçrə və digər ölkələr də daxil olmaqla, ümumilikdə, dünyanın 19 ölkəsindən 189 şirkət iştirak edir. Çex Respublikası sərgidə 10 aparıcı tibbi şirkətin bölüşəcəyi milli stendlə çıxış edir. Daha bir milli stend isə Rusiya Federasiyasının 27 şirkətini bir araya gətirib. İlk dəfə olaraq, Türkiyənin tibbi turizmlə məşğul olan şirkətləri birgə milli stendlə çıxış edirlər."Bura Bursa, İstanbulda və Ankaradakı klinikalarımızı təmsil etmək üçün qatılırıq. Türkiyədə ümumilikdə 6 klinikamız var. Bizim klinikalar sadəcə estetik əməliyyatları həyata keçirir. Biz daha çox əməliyyata ehtiyacı olmayan xəstəlikləri müalicə edirik. Müalicələrimizə əsasən üzün gəncləşdirilməsi və saç əkimi daxildir".
Bu il 21-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisinin iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər təşkil edir. Ümumilikdə, sərgi iştirakçılarının sayı ötən il keçirilmiş sərgi ilə müqayisədə 12 faiz çoxdur.
Qeyd edək ki, sentyabrın 20-də yekunlaşacaq sərgi Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri də çıxış edirlər.