Beynəlxalq təşkilatlar ermənilərin törətdiyi mina təxribatı faktını görməzdən gəlir

Beynəlxalq təşkilatlar ermənilərin törətdiyi mina təxribatı faktını görməzdən gəlir backend

Azərbaycan hərbçilərinin Şuşa yaxınlığında minaya düşmələri Ermənistanın sülhdən uzaq, təxribatlara yaxın olduğunu göstərir. Müharibədən keçən iki ildən artıq müddət ərzində yüzlərlə mülki və hərbi qulluqçularımız ərazilərimizin minalanmasının qurbanına çevrilib.

QAZİLER.AZ bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə deyib.

Politoloqun fikrilərinə görə, Ermənistan hələ də müxtəlif yollarla təxribatlarını davam etdirərək, regionda münaqişənin alovlanmasına çalışır. Sülhün, inteqrasiyanın alternativinin nəticələrini 2020-ci ildə 44 günlük Vətən müharibəsində görsə də, qeyri-adekvat hərəkətlərini nümayiş etdirir. İşğaldan azad edilmiş torpaqlarda basdırdığı minaların dəqiq xəritəsini vermədiyi kimi, yeni əraziləri, yolları da minalayir. Basdırılmış minaların 2021-ci il istehsalı olması da təxribatların üçtərəfli Bəyanatın imzalanmasından sonra həyata keçirildiyini sübut edir. Çox təəssüflər olsun ki, Bəyanatın iştirakçıları olan Ermənistan və Rusiya üzərilərinə götürdükləri öhdəlikləri bu zamana qədər tam yerinə yetirməyiblər. Erməni silahlı qüvvələri ərazilərimizdən çıxmayıb, Rusiya sülhməramlıları da onların çıxarılmasını təmin etməyiblər. Bu azmış kimi Ermənistanın təxribatlarının davam etməsinə Rusiya sülhməramlıları göz yumur və ya şərait yaradır.

"Bütün təxribatlar Ermənistanın sülh danışıqlarını görüntü naminə apardığını, regionda sülhün yaranmasında marağının olmadığını bildirir. Eyni zamanda, Ermənistanın regionda sülhün bərqərar olmasında marağı olmayan bütün qüvvələrlə əməkdaşlıq etməsi, onları ölkəsinə yığması bu ölkə ilə sülh danışıqlarının da perspektivini şübhə altına alır.

İnsan hüquqları “carçısı” olan beynəlxalq təşkilatlar da müharibədən sonra yüzlərlə vətəndaşımızın mina qurbanı olması faktını görməzdən gələrək, susur. Həmin təşkilatlar Ermənistanın insanlıqdan uzaq, beynəlxalq Konvensiyaları kobudcasına pozan hərəkətlərinə etiraz etməyərək, hüquqi qiymət verməyərək ikiüzlülük göstərirlər",- deyə Y. Hacızadə vurğulayıb.

 

 

Diaspora