“AzVirt” Laçın və Kəlbəcərdə aparılan tikinti işlərində aktiv iştirak edir

“AzVirt” Laçın və Kəlbəcərdə aparılan tikinti işlərində aktiv iştirak edir backend

Azərbaycanın aparıcı yol tikinti təşkilatlarından olan “AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyəti işğaldan azad olunan torpaqlarda reallaşdırılan quruculuq işlərində aktiv iştirak edir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra Qarabağın dirçəldilməsi prosesində “AzVirt” şirkəti də bir sıra mühim layihələrin icrasına başlayıb. Hazırda intensiv şəkildə iş aparılan layihələrdən biri də Laçın Beynəlxalq Hava Limanının tikintisidir. Bu hava limanının təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci il avqustun 17-də qoyulub.

Laçın Hava Limanında uçuş-enmə zolağının uzunluğu kilometr, perronun sahəsi 60 min kvadratmetr təşkil edəcək. Burada 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.

Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bu hava nəqliyyatı infrastruktur layihəsinin önəminə toxunmuş və yerli şirkət – “AzVirt”in inşaatda iştirakını yüksək dəyərləndirmişdir. “Mən hesab edirəm ki, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz müstəqil Azərbaycan dövlətiyik, buna texniki imkanlarımız, maliyyə imkanlarımız və güclü iradəmiz var. Bu hava limanını inşa edən Azərbaycan şirkəti olacaq. Bu da çox sevindiricidir. Çünki azad edilmiş torpaqlarda yerli şirkətlərin fəal işləməsi önəmli amillərdən biridir”.

“AzVirt” MMC-nin baş mühəndisi Cəfərağa Şiriyev bildirib ki, Laçın Beynəlxalq Hava Limanı şirkətin işğaldan azad edilən ərazilərdə inşa etdiyi sayca 3-cü nəhəng layihədir. Bundan öncə Füzuli və Zəngilan Beynəlxlq Hava Limanlarının inşası uğurla başa çatdırılıb və açılış mərasimlərində Azərbaycan və Türkiyənin dövlət başçıları iştirak edib. “Azərbaycan Prezidenti, cənab İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanını “Qarabağın Hava Qapısı” adlandırıb. Bu hava limanı çox sürətlə, rekord müddətə - cəmi 8 aya təhvil verilib. Laçın Hava Limanın inşası isə həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək.

Beləliklə, bu hava limanları azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya qaytarılması üçün yeni imkanlar açacaq”.

Qeyd edək ki, hazırda "AzVirt" şirkətinin üzərində daha çox çalışdığı layihələrdən biri də Kəlbəcər-Laçın avtomobil yolunun 38-76-cı km-lik hissəsinin tikintisidir. Bu barədə açıqlama verən şirkətin baş mühəndisi Cəfərağa Şiriyev bildirib ki, yolun qeyd edilən hissəsi mürəkkəb coğrafi şəraiti ilə seçilir və burada çox sayda tunel və körpü tikintisi nəzərdə tutulub: “Kəlbəcər-Laçın yolunun biz inşa etdiyimiz hissəsində 15 körpü və 11 tunel olacaq. Ən böyük tunelin uzunluğu 720 metr təşkil edəcək. Körüplərdən isə ən uzunu 510 metr olmaqla, 70 metr dayaqlar üzərində yerləşəcək”.

Bundan başqa, "AzVirt" MMC Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut avtomobil yollarının tikintisində də podratçı təşkilat kimi iştirak edir. Sadalanan layihələrin sifarişçisi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir.

Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanının 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlində, Kəlbəcər-Laçın avtomobil yolunun isə 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Diaspora