“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Meksika Konqresinin Deputatlar Palatasında konfrans keçirilib.
Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən APA-ya verilən məlumata görə, “İnsan Oğurluğu və Soyqırım Əleyhinə Beynəlxalq Gündəm, Xocalıda Soyqırım Hadisəsi” adlı konfransda Meksika Konqresi Deputatlar Palatasının üzvləri, Amerika İnstitutunun rektoru Ruben Salas, Meskika Xatirə və Dözümlülük Muzeyinin nümayəndəsi Alan Qarsia, Ukrayna, Gürcüstan, Pakistan, Bolqarıstan və Slovakiya respublikalarının Meksikadakı səfirləri, Meksika ictimaiyyətinin nümayəndələri, elm xadimləri, aparıcı universitetlərin müəllim-tələbə heyəti iştirak ediblər.Meksika Sülh, Ədalət və Ətraf Mühit Birgə Fondunun koordinatorluğu ilə keçirilmiş tədbirə Fondun baş direktoru Alfredo Roxas aparıcılıq edib. Konfransı giriş sözü ilə açan hüquq müdafiəçisi Alfredo Roxas tədbirin əsas məqsədinin insan oğurluğu və soyqırım cinayətləri barədə yeni nəslin məlumatlandırılması, belə halların qarşısının alınması üçün müvafiq maarifləndirmə işinin aparılmasından ibarət olduğunu söyləyib.
Konfransın Xocalıdakı soyqırımın təhlilinə həsr edildiyini qeyd edən Konqresin Deputatlar Palatasının üzvü, Palatanın İdarə Şurasının katibi Maqdalena del Sokorro Nunyez bunun dünyada müxtəlif soyqırım hadisələrinin təhlili və bu sahədə Meksikada qanunun aliliyinin təmin edilməsi üçün zəruri təşəbbüslərin zənginləşdirilməsi yolunda əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Xocalının da daxil olduğu Azərbaycanın Dağlıq Qarabağ regionunun artıq 23 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu bildirib. Xocalının yer üzündən silindiyini qeyd edən səfir burada insanlıq əleyhinə soyqırımın törədildiyini, mülki əhalinin etnik təmizləmə siyasətinin qurbanı olduğunu diqqətə çatdırıb, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini söyləyib. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması prosesindən söz açan diplomat məsələyə dair Meksika, Kolumbiya, Panama, Peru, Honduras, Pakistan və digər ölkələrin parlamentlərinin və bir sıra nüfuzlu beynəlxalq təşkilatların qərarları barədə məlumat verərək, bunun Azərbaycan xalqı və dövlətinə, münaqişənin ədalətli həlli prosesinə böyük siyasi və mənəvi dəstək olduğunu diqqətə çatdırıb.
Daha sonra konfrans iştirakçıları Xocalı soyqırımına dair səfirlik tərəfindən ispan dilində hazırlanmış sənədli filmə baxıb. Soyqırımın canlı şahidlərinin ifadələri, hadisə yerinin video-çəkilişləri əsasında hazırlanmış film tamaşaçılara dərin təsir bağışlayıb.
Filmin nümayişindən sonra Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın o zaman erməni silahlı qruplaşmalarının başında olduğunu qeyd edən səfir İ.Muxtarov onun Xocalı soyqırımı və digər hərbi cinayətlərdə iştirak etdiyini söyləyib, hazırkı Ermənistan rəhbərliyinin əlinin Azərbaycan xalqının qanına batdığını diqqətə çatdırıb.
Konfransda həmçinin səfirlik tərəfindən Azərbaycanın tarixi torpaqları, sərhədləri, coğrafiyası, ermənilərin Azərbaycana köç tarixi, xalqımızın üzləşdiyi işğal və etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda prezentasiya edilmişdir.
Tədbirdə söz alan Ukrayna səfiri Ruslan Spirin postsovet məkanında mövcud münaqişələr kontekstində Ermənistan-Azərbaycan münaqişəsi ilə bu gün ölkəsinin üzləşdiyi hərbi işğal və separatizm arasında paralellər gətirib, bu mövzuda dinləyicilərə geniş məruzə edib. Bununla yanaşı, bu yaxınlarda BMT-də müzakirəyə çıxarılmış və qəbul edilmiş Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin Azərbaycan tərəfindən dəstəkləndiyini, Ermənistanın isə qətnamənin əleyhinə səs verdiyini söyləyib.
Mərasim zamanı tədbir iştirakçılarına Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən ispan dilində hazırlanmış “Xocalıda soyqırım” jurnalı paylanıb.
Mərasimin yekununda səfir İ.Muxtarov tədbir iştirakçılarının suallarını cavablandırıb. Tədbir Meksika Konqresinin telekanalı (Canal de Congreso) tərəfindən işıqlandırılıb.