Xarici İşlər Nazirliyi və QHT nümayəndələri görüşməli və...- Qarabağ qazisindən TƏKLİF

Xarici İşlər Nazirliyi və QHT nümayəndələri görüşməli və...- Qarabağ qazisindən   TƏKLİF backend

Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində Azərbaycanın Qeyri-Hökumət təşkilatları 2 əsgərimizin saxlanması və onlara qarşı qeyri-insani rəftarla bağlı beynəlxalq ictimaiyyətə müraciətlə əlaqədar iclas keçirilib.

Qaziler.az bildirir ki, tədbirdə iştirak edən Qarabağ qazisi Rey Kərimoğlu bildirir ki, aprel ayının 14-də daha çox beynəlxalq əlaqələri olan qeyri- hökumət təşkilatları bir araya gəldilər. "Biz bəyanat imzalayaraq beynəlxalq ictimaiyyəti bu məsələdə aktiv olmağa, bu cinayəti törədənlərin cəzalandırılmasını tələb etdik. Mən düşünürəm ki, Azərbaycan-Ermənistan konfliktinə beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlatlar, böyük güclər həmişə ikili standartdan yanaşıb. Yenə də belədir. Üç gündür bu cinayət hadisəsi baş verib: əsgərimiz vəhşicəsinə döyülüb. Beynəlxalq ictimaiyyət susmaqda davam edir.

Biz tələb etdik ki, bu məsələyə dərhal reaksiya verilsin və cinayətkarlar cəzalandırılsın".

Tədbirdə Rey Kərimoğlu təkliflə çıxış edib.

"Təklif etdim ki, tanınmış, beynəlxalq əlaqələri olan qeyri-hökumət təşkilatlarının Xarici İşlər Nazirliyinin nümayəndələri arasınad görüşlər keçirilsin. Düşünürəm ki, ölkəmizdə yaxşı  beynəlxalq əlaqələri olan QHT-lər var. Erməni vandalizmini, erməni vəhşiliyini, erməni cinayətini beynəlxalq məhkəmələrdə qaldırmaq, o cinayətkarların cəzalandırılması üçün onlar Xarici işlər Nazirliyi ilə mütəmadi görüşlər keçirməli, birgə sənədlər hazırlanmalıdır. 30 ildir Xocalı soyqırımı ilə bağlı biz heç kəsi cəzalandıra bilməmişik. Niyə? Çünki bu məsələdə hüquqi çərçivə var. Bunu XİN etməlidir. Hansı formada olacağını onlar bilir.

Mən təklif etdim ki, tezliklə QHT-lər ilə XİN-in görüşü təşkil edilsin. Bu işdə təcrübəsi olan QHT-lərin rəhbərləri, nümayəndələri XİN-ə kömək etsin. Nəinki mülki şəxsə, əsir düşmüş hərbçiyə də işgəncə vermək olmaz. Beynəlxalq konvensiyalar var. Ermənilər bütün beynəlxalq konvensiyaları 30 ildir pozurlar. Və bu 30 ildə ermənilərə "gözün üstə qaşın var" deyən yoxdur".

Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.

Diaspora