“Həqiqi hərbi xidmətə çağırış prosedurası geniş təhlillərlə müəyyənləşdirilir” - Hərbi ekspert

“Həqiqi hərbi xidmətə çağırış prosedurası geniş təhlillərlə müəyyənləşdirilir” - Hərbi ekspert backend

Son zamanlar həqiqi hərbi xidmətə çağırışla bağlı cəmiyyətdə müəyyən müzakirələr aparılır. Aparılan müzakirələrdə müxtəlif fikirlər səsləndirilir.

Bu müzakirələrlə bağlı hərbi ekspert Emin Həsənli fikirlərini "Herbiand.az"la paylaşıb.

Emin Həsənli hesab edir ki, aparılan müzakirələr normaldır: “Əlbəttə bu müzakirələr normaldır, amma elə məsələlər var ki, onlarla bağlı qərarlar geniş təhlillərdən sonra verilir. Məsələn son vaxtlar evin tək oğullarının həqiqi hərbi xidmətə çağırılmaması ilə bağlı fikrilər səslənir. Müəyyən zaman kəsiyində belə bir qərar verilmişdi. Evin tək oğulları həqiqi hərbi xidmətə çağırılmırdı. Amma sonra bu qərar dəyişdirildi. İndi tək oğullara da hərbi xidmətə aparılır. Bu qərar verilən zaman hər ailədə iki, üç oğlan uşağı var idi. Amma indi ətrafımıza baxaq. Ailə planlaması nəticəsində tək oğlu olan ailələrin sayı xeyli çoxalıb. Belə şəraitdə ordu necə komplektləşdirilməlidir? Əlbəttə evin tək oğullarının xidmətə çağırılması barədə qərar veriləndə bütün bu reallıqlar təhlil olunub”.

Emin Həsənli başqa bir məsələyə də münasibət bildirib. Məlumdur ki, hazırda ildə dörd dəfə çağırış olur. Qış, yaz, yay, payız çağırışları zamanı ordu komplektləşdirilir. Bəziləri hesab edir ki, çağırış ildə iki dəfə olsun. Hərbi ekspert bu yanaşmanı düz hesab etmir: “Bəli biz 44 günlük müharibədə zəfər çaldıq. Amma Azərbaycanın təhlükəsizliyinə təhdidlər davam etməkdədir. Ola bilsin ki, bu təhdidlər olmasa və ordumuz tam peşəkar heyətlə təmin olunduqdan sonra bu məsləyə baxmaq olar. Amma indi bu məqbul deyil. Hər çağırışda şəxsi heyətin 25 faizi ehtiyata buraxılır. Qalan 75 faiz hazırlıqlı vəziyyətdə olur. Amma iki dəfə çağırış prosedura tətbiq edilsə şəxsi heyətin 50 faizi ehtiyata buraxılacaq və döyüş hazırlıqlı olanlar 50 faiz olacaq. Axı biz daim ayaqda olmalıyıq. Yeni gəlmiş çağırışçıları hazırlamaq, onları döyüş qabiliyyətinə gətirmək bir-iki günün işi deyil. Bunun üçün müəyyən zaman lazımdır. Amma indiki qaydalarla biz 75 hazırlıqlı və daim ayaqda olan şəxsi heyətə malik oluruq. Bütün bunlar müəyyən araşdırmalar, təhlillər aparılmaqla müəyyənləşdirilir. Əlbəttə ki, ildə iki dəfə çağırış daha asan olardı. Bilirsiniz ki, çağırış prosesi asan başa gəlmir. Səfərbərlik Xidməti, həkim komissiyaları gərgin iş şəraitində işləyir. Amma bir daha qeyd edirəm ki, bu gün Azərbaycan dövlətinin maraqları bunu tələb edir”.

Diaspora